AZ

Şəhla Cəlilzadə: “Müharibənin yeni mərhələsi qaçılmaz ola bilər”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ və İran arasında gərginlik yenidən yüksəlib və danışıqların nəticəsiz qalması vəziyyəti daha da kəskinləşdirir. Vaşinqtonun sərt bəyanatları diplomatik təzyiqin artdığını göstərsə də, konkret hərbi addım barədə rəsmi təsdiq yoxdur. Eyni zamanda vasitəçi ölkələr vasitəsilə anlaşma cəhdləri davam edir, lakin əsas ziddiyyətlər hələ də qalmaqdadır.

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ və İran 6 həftədir danışıqlar aparsalar da, ziddiyyətlər hələ də qalmaqdadır. Tərəflər müəyyən məsələlərdə yaxınlaşma əldə edildiyini bəyan edir, lakin əsas məsələlərdə razılaşma əldə olunmayıb.

İran bütün cəbhələrdə atəşin kəsilməsində israr edir. Halbuki biz İsrailin bu tələbə məhəl qoymadığını, hər gün Livanda qan tökməyə davam etdiyini görürük. Hətta İsrail bir daha, martdakı aktiv əməliyyatlarda olduğu kimi, əhalini Livanın cənub hissəsini tərk etməyə çağırıb. Yəni genişmiqyaslı hücum və İsrailin Livanın cənubunda irəliləməsi gözlənilir.

Politoloq bildirib ki, İranın ikinci tələbi iqtisadi sanksiyalar və dondurulmuş vəsaitlərinin azad olunması ilə bağlıdır. ABŞ bu məsələnin ikinci mərhələdə, nüvə danışıqları ilə paralel həll edilməsinə çağırır.

“Birinci mərhələdə isə atəşin kəsilməsi və blokadanın aradan götürülməsi məsələləri həllini tapmalıdır. İran isə hər şeyi eyni anda həll etməyə çalışır, lakin alınmır. İranın üçüncü tələbi blokadanın aradan qaldırılaraq İran gəmilərinin sərbəst keçidinə şərait yaradılmasıdır. Bunun fonunda özü də Hörmüz boğazından hər tanker keçidi üçün 150 min dollar rüsum alır. Hətta Omana da təklif edib ki, birlikdə rüsum tutsunlar. ABŞ isə bunu qəbuledilməz adlandırır və dünyanın digər su keçidləri üçün presedent təşkil edəcəyindən ehtiyat edərək İranın mövqeyinə qarşı çıxır. Beləliklə, əsas məsələlərdə anlaşmazlıqlar davam edir”, – deyə politoloq vurğulayıb.

Şəhla Cəlilzadə hesab edir ki, ən əsas məsələ İranın sivil məqsədlərlə uran zənginləşdirməsindən imtina etməməsi və artıq zənginləşdirdiyi uranı ABŞ-a təhvil vermək istəməməsidir. Trampın müharibəni yenidən başlatmaq təhdidlərinə İran rəsmiləri “hazırıq” cavabı verirlər. Hətta NPT-nin — nüvə silahlarının yayılmaması haqqında müqavilənin — əhəmiyyətini itirməsi ilə yanaşı, Hörmüzdən başqa Bab-əl-Məndəb boğazının bağlanacağı ilə də təhdid edirlər.

Politoloqun fikrincə, görünən odur ki, ABŞ tələblərində güzəştə getməzsə, İranı israrından döndərmək üçün müharibənin yeni mərhələsi qaçılmaz ola bilər. Buna dair artıq ciddi siqnallar var.

“Məsələn, Trampın milli kəşfiyyat idarəsinin rəhbəri Tulsi Gabbardı “İran məsələsində çox yumşaq” adlandıraraq istefaya göndərməsi qarşıdakı dövrdə daha sərt taktikaların seçiləcəyinə işarə kimi dəyərləndirilə bilər. Lakin bu dəfəki hücumlar hər iki tərəf üçün daha dağıdıcı, ümumilikdə dünya və region üçün isə daha ağrılı ola bilər”, – deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
bizimyol.info

1Mənbələr