AZ

Şəhərsalma fəlsəfəsi, milli yaddaş və müasir dövlətçilik sistemi



Urbanizasiya bəşər sivilizasiyasının formalaşmasında həlledici mərhələlərdən biri kimi qəbul edilir. Bu mərhələ yalnız məskunlaşma forması kimi dəyərləndirilməməlidir. Urbanizasiya eyni zamanda iqtisadi münasibətlərin, sosial strukturun, siyasi idarəetmə mexanizmlərinin və mədəni düşüncə sisteminin köklü transformasiyası ilə müşayiət olunan mürəkkəb tarixi prosesdir. Tarix boyunca şəhərlər sadəcə yaşayış məkanı deyil, dövlət idarəçiliyinin mərkəzi, iqtisadi gücün cəmləşdiyi strateji məkan, elmin, təhsilin və mədəniyyətin inkişaf etdiyi əsas platforma kimi çıxış etmişdir.

Şəhərlərin yaranması və inkişafı insan cəmiyyətinin təşkilatlanma səviyyəsinin yüksəlməsinin göstəricisi olmuşdur. İlk şəhər mədəniyyətləri məhz insanların birgə əmək fəaliyyəti, təhlükəsizlik ehtiyacı və iqtisadi əlaqələrin genişlənməsi nəticəsində formalaşmışdır. Zaman keçdikcə şəhərlər yalnız maddi istehsalın deyil, həm də ideyaların, hüquqi institutların və siyasi düşüncənin mərkəzinə çevrilmişdir.

Müasir dövrdə urbanizasiya daha geniş məna kəsb edir. Qloballaşma, texnoloji tərəqqi və rəqəmsal transformasiya şəhərlərin funksiyalarını dəyişdirərək onları beynəlxalq iqtisadi və siyasi münasibətlərin əsas aktorlarından birinə çevirir. Bu baxımdan şəhərsalma siyasəti artıq təkcə infrastrukturun qurulması deyil, həm də sosial ədalətin təmin olunması, ekoloji tarazlığın qorunması, milli-mədəni kimliyin yaşadılması və dayanıqlı inkişafın təmin edilməsi məsələlərini özündə birləşdirən strateji sahəyə çevrilmişdir.

Siyasi baxımdan urbanizasiya dövlətlərin güclənməsində əsas amillərdən biri kimi çıxış edir. Qədim dövrlərdən etibarən şəhərlər idarəçilik sistemlərinin formalaşdığı, vergi və ticarətin tənzimləndiyi, hərbi-strateji qərarların verildiyi mərkəzlər olmuşdur. Roma imperiyası dövründən başlayaraq müasir sənaye və post-sənaye dövlətlərinə qədər şəhərlər dövlət gücünün, siyasi sabitliyin və iqtisadi inkişafın simvoluna çevrilmişdir. Müasir dövrdə isə urbanizasiya demoqrafik proseslərlə yanaşı, həm də dövlətlərin beynəlxalq nüfuzunu, idarəetmə qabiliyyətini və strateji gücünü müəyyən edən əsas göstəricilərdən biri hesab olunur.
XX əsrdən etibarən urbanizasiya qlobal siyasi strategiyanın mühüm hissəsinə çevrilmişdir. Müasir dövrdə isə urbanizasiya artıq yalnız tikinti və infrastruktur məsələsi deyil, milli təhlükəsizlik, sosial sabitlik, ekoloji tarazlıq və milli kimliyin qorunması məsələsi kimi qiymətləndirilir.

Bu gün güclü dövlətlər şəhərsalmanı siyasi idarəetmənin strateji istiqaməti hesab edir. Çünki şəhərlərin inkişaf səviyyəsi dövlətin iqtisadi imkanlarını, sosial siyasətini, mədəni gücünü və beynəlxalq nüfuzunu birbaşa əks etdirir. Azərbaycanda da urbanizasiya siyasəti məhz bu baxış üzərində qurulub. Müasir inkişafı milli ruh, tarixi yaddaş və dövlətçilik ənənələri ilə uzlaşdırmaq prinsipi əsasında.

Şəhərsalma məsələsi əslində siyasi hakimiyyətin fəlsəfəsi və dövlətin özünü təqdimetmə modeli kimi çıxış edir. Əsas siyasi məna bundan ibarətdir ki, müasir dünyada dövlətlərin gücü artıq yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. Dövlətin beynəlxalq nüfuzu onun şəhərlərinin simasında, urbanistik mədəniyyətində, tarixi yaddaşa münasibətində və milli kimliyini qoruyaraq modernləşmək bacarığında da özünü göstərir.

Mayın 17-dən etibarən altı gün davam edən Ümumdünya Şəhərsalma Forumunun Bakıda belə geniş beynəlxalq iştirakla keçirilməsi Azərbaycanın qlobal siyasi sistemdə artan nüfuzunun və strateji çəkisinin mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Bu forum yalnız memarlıq, urbanistika və şəhər idarəçiliyi məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyildi. Eyni zamanda, bu tədbir Azərbaycanın dövlətçilik modelinin, inkişaf fəlsəfəsinin və müasir dünyaya təqdim etdiyi siyasi-mədəni baxışın qlobal nümayişinə çevrildi.
Burada forum dövlətin “yumşaq güc” siyasətinin mühüm aləti kimi çıxış edir. Müasir beynəlxalq münasibətlər sistemində artıq dövlətlərin təsir imkanları yalnız hərbi güc və iqtisadi potensialla müəyyən olunmur. XXI əsrdə dövlətlər həm də yaratdıqları mədəni məkan, şəhər modeli, humanitar nüfuz və sivilizasiya obrazı vasitəsilə qlobal rəqabət aparırlar. Bu baxımdan Bakı forumu Azərbaycanın özünü yalnız regional aktor kimi deyil, həm də beynəlxalq intellektual və humanitar proseslərdə söz sahibi olan dövlət kimi təqdim etməsinə xidmət edir.
Fəlsəfi baxımdan isə burada daha dərin bir məna mövcuddur. Çünki müasir dünyada şəhərlər artıq sadəcə insanların yaşadığı fiziki məkan deyil, dövlətlərin dünyagörüşünün və sivilizasiya təfəkkürünün vizual ifadəsinə çevrilmişdir. Hər bir şəhər onun arxasında dayanan siyasi düşüncənin, estetik baxışın və mənəvi dəyərlər sisteminin maddi təcəssümüdür. Buna görə də dövlətlər şəhərlər vasitəsilə özlərini dünyaya “oxudur”, öz kimliyini və gələcək haqqında baxışını nümayiş etdirirlər.
Azərbaycanın forum vasitəsilə təqdim etdiyi əsas mesajlardan biri də məhz budur: modern inkişaf milli yaddaşdan və mənəvi köklərdən ayrılmadan da mümkündür. Bu yanaşma qloballaşma dövründə xüsusi əhəmiyyət daşıyır. Çünki bir çox cəmiyyətlər sürətli texnoloji inkişaf fonunda öz tarixi kimliyini və mədəni özünəməxsusluğunu itirmək təhlükəsi ilə üzləşirlər. Azərbaycan modeli isə göstərir ki, modernləşmə keçmişin inkarı deyil, onun yeni zamanın tələbləri ilə harmonik şəkildə davam etdirilməsidir.

Bu baxımdan Bakı artıq, həm də müəyyən bir siyasi-fəlsəfi modelin simvoluna çevrilir. Burada Şərqlə Qərb, tarixlə müasirlik, milli yaddaşla texnoloji inkişaf qarşıdurma şəklində deyil, qarşılıqlı tamamlanma formasında təqdim olunur. Bu isə Azərbaycanın urbanizasiya siyasətinə sırf texniki deyil, sivilizasion və humanist məzmun qazandırır.

Forumun siyasi-fəlsəfi əhəmiyyəti həm də ondadır ki, o, şəhərsalmanı insanın mənəvi təhlükəsizliyi, kollektiv yaddaşı və milli identikliyi ilə əlaqələndirir. Çünki ruhsuz urbanizasiya yalnız beton məkan yaradır, lakin yaddaşa söykənən şəhərlər insanın özünü aid hiss etdiyi mənəvi və mədəni mühit formalaşdırır.
Prezident İlham Əliyevin çıxışına verilən xüsusi yer də siyasi baxımdan mühüm məna daşıyır. Çünki burada şəhərsalma dövlət siyasətinin texniki istiqaməti kimi deyil, milli təhlükəsizlik, milli identiklik və strateji dövlətçilik konsepsiyası kimi təqdim olunur. Bu yanaşma göstərir ki, Azərbaycan modeli modernləşməni milli köklərdən ayırmadan həyata keçirməyə çalışır. Qloballaşma dövründə bir çox dövlətlər sürətli urbanizasiya nəticəsində öz milli simasını itirmək təhlükəsi ilə üzləşdiyi halda, Azərbaycanın siyasi xətti modernliklə milli yaddaş arasında balans qurmağa yönəlmişdir.
Burada xüsusi diqqət çəkən məqamlardan biri də “keçmiş və gələcəyin dialoqu” ideyasıdır. Bu fikir əslində müasir dövlətçilik fəlsəfəsinin əsas dilemmasına cavab verir. Çünki bir çox cəmiyyətlərdə modernləşmə keçmişin dağıdılması hesabına həyata keçirilmişdir. Lakin Azərbaycan modeli göstərir ki, tarixi irs modern inkişafın əleyhinə deyil, əksinə onun mənəvi dayağıdır. Bu yanaşma siyasi baxımdan milli sabitliyin qorunmasına xidmət edir. Çünki milli yaddaşını qoruyan cəmiyyətlər xarici ideoloji təsirlərə qarşı daha davamlı olur.

Bakı şəhərinin transformasiyası da siyasi modernləşmənin simvolu kimi təqdim edilir. Son iyirmi ildə Bakının dəyişməsi, memarlıq baxımından yenilənməsi eyni zamanda dövlətin iqtisadi gücünün, idarəetmə potensialının və strateji inkişaf modelinin vizual ifadəsi kimi çıxış edir. Yeni parklar, bulvarlar, nəqliyyat infrastrukturu və müasir yaşayış kompleksləri Azərbaycanın regionun lider dövləti olmaq iddiasının maddi təcəssümünə çevrilir. Bu baxımdan Bakı, həm də dövlət ideologiyasının urbanistik obrazını əks etdirir.

Burada diqqət çəkən başqa mühüm məqam isə şəhər və milli kimlik münasibətidir. Müasir dövrdə şəhərlər yalnız yaşayış məkanı kini təqdim olunmamalıdır, milli ruhun qorunduğu strateji mühit kimi təqdim olunmalıdır. Bu, müasir milli dövlət konsepsiyasına uyğun yanaşmadır. Çünki XXI əsrdə dövlətlər əsasən kollektiv yaddaş və identiklik üzərindən də mövcud olur. Ona görə də şəhərsalma milli təhlükəsizlik düşüncəsinin bir hissəsi kimi görünür.

Azərbaycan modern dövlət modelini yalnız iqtisadi inkişaf üzərində qurmur. Burada milli yaddaş, mədəni irs və strateji urbanizasiya siyasəti əsas gütürülür. Bu inkişaf modelinin fəlsəfi mahiyyəti ondadır ki, modernlik milli kökü əvəz etmir, əksinə onu daha görünən və daha güclü edir. Azərbaycan üçün şəhərsalma yalnız gələcəyi tikmək deyil, həm də keçmişi yaşatmaq, yaddaşı qorumaq və milli ruhu yeni nəsillərə ötürmək missiyasıdır. Buna görə də Bakı həm də bir sivilizasiya ideyasının maddiləşmiş forması kimi çıxış edir.

Vaxtilə neft tullantıları və sənaye çirkliliyi ilə yadda qalan “Qara şəhər”in bu gün “Ağ şəhər” kimi yenidən qurulması təkcə urbanistik transformasiya kimi qəbul edilməməlidir. Bu, həm də dərin mənəvi və siyasi məna daşıyan bir yenilənmə simvoludur. Bu dəyişiklik şəhərin fiziki mühitinin təmizlənməsi ilə yanaşı, düşüncə tərzinin, idarəetmə fəlsəfəsinin və inkişaf modelinin də yenidən qurulmasını ifadə edir. “Ağ şəhər” konsepsiyası göstərir ki, müasir Azərbaycan dövləti üçün şəhər, həm də insan həyatına, təbiətə və tarixi yaddaşa münasibətin təcəssümüdür. Bu yanaşma torpağa sahiblik anlayışını sadəcə coğrafi məna ilə məhdudlaşdırmır, onu mənəvi məsuliyyət və gələcək nəsillərə qarşı cavabdehlik kimi dəyərləndirir.
“Qara şəhər”dən “Ağ şəhər”ə keçid Azərbaycanın inkişaf fəlsəfəsində təmizlənmə, yenilənmə və milli-urbanistik şüurun formalaşması kimi dərin məzmun daşıyır. Bu, dövlətin torpağa, şəhərə və insana münasibətinin həm praktik, həm də mənəvi ölçüsünü əks etdirən aydın göstəricidir.

Forum zamanı Prezident İlham Əliyevin Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Şuşa kimi qədim şəhərlərin adını xüsusi qürur hissi ilə çəkməsi təsadüfi deyildi. Bu şəhərlər Azərbaycan xalqının tarixi şüurunun, kollektiv yaddaşının və milli-mənəvi varlığının canlı daşıyıcılarıdır. Onların hər biri əsrlərin sınağından keçərək zamanın içində daşlaşmış tarix, yaşayan mədəniyyət və nəsillərarası mənəvi körpü kimi formalaşmışdır. Bu şəhərlərdə keçmiş sadəcə xatırlanmır, həm də gündəlik həyatın içində yaşayır və insanın kimlik duyğusunu formalaşdırır.

Nəsiminin hikməti, Nizami Gəncəvinin bəşəri düşüncəsi, Əcəmi Naxçıvaninin memarlıq dühası bu torpağın yalnız maddi sərvətlərlə deyil, həm də dərin mənəvi və humanist təfəkkürlə zəngin olduğunu göstərir. Bu irs insanı kainatın mərkəzi dəyəri kimi qəbul edən, ədaləti, mərhəməti və mənəvi kamilliyi ucaldan bir sivilizasiya fəlsəfəsi yaratmışdır. Burada şəhər yalnız yaşayış məkanı deyil, insanın özünü dərk etdiyi, mənəvi bütövlüyünü qoruduğu və zamanla dialoqa girdiyi bir mədəni varlıqdır.

Azərbaycanın qədim şəhərləri həm də zamanın fəlsəfəsini yaşadır. Çünki şəhər əslində daş və küçələrin məcmusu deyil, insan yaddaşının məkan içində davam etməsidir. Hər qədim bina, hər dar küçə və hər tarixi abidə insanın faniliyi qarşısında mədəniyyətin davamlılığını simvolizə edir. Bu mənada şəhərlər xalqın kollektiv ruhunun maddiləşmiş formasıdır. İnsan dəyişir, nəsillər dəyişir, lakin şəhərin ruhu yaşayaraq keçmişlə gələcək arasında görünməz bir mənəvi bağ yaradır.

Bu baxımdan memarlıq yalnız estetik və funksional anlayış deyil, həm də fəlsəfi və mənəvi hadisədir. Memarlıq insanın dünyaya münasibətinin daşlaşmış düşüncəsidir. Necə ki, ədəbiyyat xalqın daxili səsini sözlə ifadə edir, memarlıq da həmin ruhu məkan vasitəsilə görünən edir. Ona görə də şəhərlər insanın insana münasibətini, cəmiyyətin ədalət anlayışını, gözəllik duyğusunu və mənəvi səviyyəsini əks etdirən canlı göstəriciyə çevrilir.

Azərbaycanın şəhərsalma fəlsəfəsində insan yalnız şəhərdə yaşamır, həm də şəhər insanın mənəviyyatını formalaşdırır. Əgər şəhər ruhsuz və yaddaşsız qurularsa, insan da zamanla öz mənəvi dayaqlarını itirir. Lakin tarixi yaddaşı qoruyan şəhərlər insana aidiyyət hissi, mənəvi təhlükəsizlik və kimlik qazandırır. Bu səbəbdən Azərbaycanın qədim şəhərləri milli ruhun, mənəvi davamlılığın və sivilizasiya yaddaşının yaşadan fəlsəfi məkanıdır.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi də məhz bu humanist baxışın davamıdır. 30 il işğal altında qalan bu torpaqlarda şəhərlərin və kəndlərin dağıdılması eyni zamanda insan talelərinin də yaralanması idi. Lakin Azərbaycan bu ərazilərə yalnız siyasi və hərbi qələbə ilə deyil, həm də humanizmə söykənən quruculuq missiyası ilə qayıdır.
Bu gün həyata keçirilən Böyük Qayıdış Proqramı insanı mərkəzə alan dövlət siyasətinin təcəssümüdür. Ağdamda, Füzulidə, Zəngilanda, Laçında və digər bölgələrdə salınan yeni şəhərlər, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri təkcə infrastruktur deyil, insan həyatının yenidən qurulması, onun ləyaqətinin və doğma torpağa bağlılığının bərpasıdır. Bu proses göstərir ki, dövlətin gücü yalnız tikdiyi binalarla deyil, qurduğu insan taleləri ilə ölçülür.
Azərbaycanın şəhərsalma siyasətində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi də xüsusi məna daşıyır. Burada texnologiya milli dəyərlərlə birləşərək müasir şəhərlər və kəndlər inşa etməklə yanaşı, əsas məqsəd insanın özünü doğma hiss etdiyi mənəvi mühitin yaratmasıdır. Çünki texnologiya ruhu əvəz edə bilməz. Milli ruh olmayan şəhər yalnız daş və beton yığımına bənzəyər.

Cənab Prezidentin şəhərsalma siyasətində ən mühüm xüsusiyyətlərdən biri inkişafla milli yaddaş arasında incə və dayanıqlı tarazlığın qorunmasıdır. Onun Bakı Formula 1 yarışını şəhər idarəçiliyi ilə müqayisə etməsi də məhz bu fəlsəfi yanaşmanın ifadəsidir. Necə ki, pilotlar yüksək sürət şəraitində qədim qala divarlarına ehtiyatla yanaşır və hər bir hərəkəti dəqiq ölçürlər, dövlətlər də modernləşmə prosesində tarixi irsə, milli kimliyə və mədəni yaddaşa eyni həssaslıqla yanaşmalıdırlar.

Müasir dünyada qloballaşmanın sürəti bir çox xalqlar üçün həm imkan, həm də təhlükə yaradır. Bəzi cəmiyyətlər bu prosesin təsiri altında öz milli simasını, mədəni fərqliliyini və tarixi köklərini itirmək riski ilə üzləşirlər. Lakin Azərbaycan modeli göstərir ki, modernləşmə milli ruhu və mənəvi dəyərləri daha da gücləndirməyə önəm verir. Bu yanaşma şəhərləri xalqın mənəvi varlığının, kollektiv yaddaşının və kimliyinin dayağı kimi dəyərləndirir.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasəti belə bir reallığı ortaya qoyur ki, güclü dövlət yalnız iqtisadi inkişaf və hərbi qüdrətlə deyil, həm də öz tarixinə sahib çıxmaq, milli yaddaşı qorumaq və vətəndaşlara mənəvi baxımdan dayanıqlı, rahat və kimlik hissi verən şəhər mühiti yaratmaq bacarığı ilə ölçülür. Bu modeldə şəhərlər, həm də milli ruhun yaşadığı və gələcəyə ötürüldüyü strateji məkandır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız siyasi və iqtisadi gücü ilə deyil, həmçinin milli ruhunu, tarixi yaddaşını və mədəni kimliyini qoruyaraq modernləşməyi bacaran nadir dövlətlərdən biridir. Bu reallıq urbanizasiya prosesinin, həm də dərin bir sivilizasiya fəlsəfəsi olduğunu ortaya qoyur. Bu baxışda şəhər fiziki məkan olmaqla yanaşı, həmçinin, zamanın içində yaşayan mənəvi bir varlıqdır. Şəhərlər insanın yaddaşını, xalqın kollektiv şüurunu və mədəni davamlılığını daşıyan canlı strukturdu. Ona görə də modernləşmə, əslində, keçmişi silmək deyil, onu yeni zamanın dili ilə yenidən oxumaqdır.

Forumun verdiyi əsas fəlsəfi mesaj da məhz budur: keçmişini unutmayan xalq gələcəyini daha möhkəm qurur. Çünki yaddaşsız inkişaf dayanıqsızdır, köksüz tərəqqi isə müvəqqətidir. Tarixdən güc alan modernlik isə həm sabit, həm də mənalı olur. Bu mənada Azərbaycanın şəhərsalma fəlsəfəsi keçmiş, bu gün və gələcək arasında fasiləsiz bir mənəvi körpü qurur və inkişafı yalnız maddi deyil, həm də ruhani bir proses kimi dərk edir.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Seçilən
13
aia.az

1Mənbələr