Son illərdə sosial şəbəkələrdə ən çox istifadə olunan ifadələrdən biri “adulting” (yetkinlik, həddi-büluğa çatmış) sözüdür.
Bu anlayış böyüklərə aid məsuliyyətləri - işləmək, hesab ödəmək, qərar vermək, ailə qurmaq və müstəqil yaşamaq kimi məsələləri ifadə edir.
Maraqlıdır, bir çox gənc artıq bu mərhələyə keçməkdən qorxduğunu açıq şəkildə etiraf edir.Psixoloqlar bunu “adulting qorxusu” (bəzən “Peter” Pen sindromu olaraq da bilinir) gənclərin böyüklük həyatının məsuliyyətləri, müstəqillik və qərarlar qarşısında yaşadığı həyəcan, narahatlıq və çəkinmə hissidir. Bu qorxu özünü karyera, maliyyə və şəxsi münasibətlər kimi məsələlərdə göstərir) adlandırır.
“Cebheinfo.az”-ın araşdırmasına görə, əvvəllər müəyyən yaşdan sonra insanın tam müstəqil olması normal qəbul edilirdi.
İndi isə bir çox gənc uzun müddət ailə ilə yaşamağa, məsuliyyətləri gecikdirməyə və “uşaqlıq rahatlığını” qorumağa çalışır. Bunun əsas səbəblərindən biri iqtisadi çətinliklər hesab olunur.
Ev qiymətlərinin artması, iş tapmaq problemləri və bahalı həyat şəraiti gənclərdə gələcəklə bağlı narahatlıq yaradır.
Psixoloqlar bildirirlər ki, məsələ yalnız maddiyyatla bağlı deyil. Sosial şəbəkələr də insanlarda uğur müqayisəsini artırır.
Gənclər internetdə həmyaşıdlarının ideal həyatlarını gördükcə özlərini geridə qalmış hiss edə bilirlər. Bu isə qərar vermək qorxusunu gücləndirir. Çünki bir çox insan səhv seçim etməkdən çəkinir və həyatda gec addım atmağa başlayır.
Maraqlıdır, son illərdə “uşaq nostaljisi” də sürətlə yayılıb. Köhnə cizgi filmlərinə marağın artması, retro oyuncaqların yenidən populyarlaşması və uşaqlıq dövrünü xatırladan məhsulların trendə çevrilməsi təsadüfi hesab edilmir.
Mütəxəssislər düşünürlər ki, insanlar stressli reallıqdan qaçmaq üçün şüuraltı şəkildə daha təhlükəsiz və qayğısız dövrlərə qayıtmağa çalışırlar.
Araşdırmalara görə, bir çox gənc artıq “tez böyümək” yox, əksinə “gənc qalmaq” ideyasını daha cəlbedici hesab edir.
Bu dəyişiklik moda, əyləncə və hətta iş həyatında da hiss olunur. Şirkətlər daha rahat iş mühiti yaratmağa çalışır, insanlar isə sərt korporativ həyatdan uzaq durmağa üstünlük verir.
Psixoloqlar hesab edirlər ki, “adulting qorxusu” gələcəyin ən böyük sosial mövzularından birinə çevrilə bilər.
Çünki yeni nəsil əvvəlki nəsillərdən fərqli olaraq həyatı tələsmədən yaşamaq, məsuliyyətləri gec qəbul etmək və şəxsi rahatlığı prioritet seçmək istəyir.