AZ

“Əgər alınmasa, müharibə başlayacaq” – SENSASİON AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp administrasiyası hesab edir ki, Tehranla danışıqlar nəticə verməsə, İrana qarşı hərbi əməliyyatların yenidən başlanması mümkündür.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio India Today telekanalına müsahibəsində danışıb.

“Prezident Donald Tramp açıq şəkildə bildirib ki, İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcək. O, buna diplomatik danışıqlar yolu ilə nail olmağa üstünlük verir və biz də bunun üçün bütün imkanlardan istifadə edirik”, — deyə Rubio bildirib.

“Əgər bu mümkün olmasa, prezidentin başqa variantları da var”, — deyə o, İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalına işarə edib.

“Amma biz bunun tərəfdarı deyilik. Prioritetimiz məsələni danışıqlar yolu ilə həll etməkdir və bu istiqamətdə işləməyə davam edəcəyik”.

Rubionun sözlərinə görə, İran Hörmüz boğazı və nüvə proqramı ilə bağlı Vaşinqtonun tələblərini qəbul edərsə, bundan özü də fayda qazanacaq.

ABŞ Tehrandan Hörmüz boğazının açılmasını, ciddi danışıqlara başlamasını və İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair öhdəlik götürməsini tələb edir. Dövlət katibi bildirib ki, uranın zənginləşdirilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran məsələləri də əsas müzakirə mövzularındandır.

“Bunun müqabilində İran müəyyən üstünlüklər əldə edəcək”, — deyə Rubio əlavə edib.

O, ABŞ-ın hansı addımları nəzərdə tutduğunu dəqiqləşdirməyib.

“Boğaz dərhal və tam şəkildə açılmalıdır. Bu, birinci mərhələdir”, — deyə Rubio vurğulayıb.
“İkinci mərhələ isə İranın üç əsas məsələ üzrə ciddi danışıqlara başlamasıdır: nüvə silahına sahib olmamaq öhdəliyi, uranın zənginləşdirilməsi imkanlarına qoyulacaq məhdudiyyətlər və yüksək zənginləşdirilmiş uranla bağlı gələcək addımlar”.

Rubio qeyd edib ki, “əgər məqsəd hərbi istifadə deyilsə, uranın 60 faizə qədər zənginləşdirilməsinə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı problemi “72 saata və tələsik hazırlanmış planla həll etmək mümkün deyil”.

Rubio bununla Tramp administrasiyasının Tehranın nüvə imkanlarını dərhal tam məhdudlaşdırmayan müvəqqəti razılaşma variantını da nəzərdən keçirdiyinə işarə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr