AZ

Bakıda ənənəvi III Kəlağayı Festivalı keçirilib

22 may 2026-cı il tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib.

QHT.az xəbər verir ki, festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir incilərindən olan milli kəlağayı sənətinin təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bu il festival ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilərək milli irsin şəhər mədəniyyəti və şəhərsalma mühiti ilə vəhdətini nümayiş etdirib.

Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri və zəngin eksponatlardan ibarət sərgi təşkil olunub. Ziyarətçilər həmçinin sənətkar Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənətə aid əl işləri və rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri ilə tanış olublar. Tədbirdə Qərbi Azərbaycan guşəsində xalçaçılıq nümunələri, kəlağayılar və milli şirniyyatlar da nümayiş etdirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın layihə rəhbəri olduğu “Susmayan həqiqətlər: deportasiya, soyqırımı, etnik təmizləmə” mövzusunda təşkil olunmuş sərginin tərkib hissəsi kimi Qərbi azərbaycanlıların geyim mədəniyyətini və kəlağayı ənənələrini əks etdirən fotolar, arxiv sənədləri nümayiş olunub. Sərginin həmin bölməsi Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd icmasının sədri, şair-publisist və Prezident mükafatçısı Azadə Novruzova tərəfindən təqdim edilib.

Festival iştirakçıları üçün İsmayıllı və Basqal ustalarının hazırladığı müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı da təşkil olunub. Bu, iştirakçılara milli sənət nümunələrini yaxından tanımaq və əldə etmək imkanı yaradıb.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, millət vəkilləri Əli Hüseynli və Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq musiqisi, poeziya və milli rəqs nümunələri təqdim olunub. Proqramda əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Xanım Göyçəli, Xəqani Zeynalabdinov, bəstəkar-müğənni Arif Mehmandost, Fəridə Mirişova, Leyla Vəlayeva, “Səma” rəqs qrupu, Zəhraxanım Əzimova və “Nənə Qızlar” folklor ansamblı çıxış ediblər.

Bundan əlavə, Xətai rayonu 316 nömrəli uşaq bağçasının balaca fidanlarının təqdim etdiyi rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

III Kəlağayı Festivalının əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin zənginliyinin təbliği və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaq olub.

Festival bir daha göstərib ki, kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik düşüncəsini və mədəni kimliyini yaşadan qiymətli irs nümunəsidir.

Seçilən
45
4
qht.az

5Mənbələr