Alimlər müəyyən ediblər ki, yerimə tərzinin fərdi şəkildə dəyişdirilməsi diz oynağında ağrıları azalda və qığırdaq toxumasının dağılmasını ləngidə bilər.
Redaktor.az xəbər verir ki, araşdırma Yuta Universiteti, Nyu-York Universiteti və Stanford University alimləri tərəfindən aparılıb və nəticələr “The Lancet Rheumatology” jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, osteoartroz 40 yaşdan yuxarı insanların təxminən hər dörd nəfərindən birində müşahidə olunur. Xəstəlik zamanla oynaq qığırdağını zədələyir və mövcud müalicə üsulları əsasən ağrıkəsicilər və ağır hallarda oynaq dəyişdirilməsi ilə məhdudlaşır.
Yeni araşdırmada isə fərqli yanaşma təklif olunub. Alimlər müəyyən ediblər ki, yeriyərkən ayağın yerə qoyulma bucağının dəyişdirilməsi dizə düşən yükü azalda bilər. Lakin hər kəs üçün eyni üsul effektiv deyil. Bəzi insanlara ayaq uclarını içəri, digərlərinə isə çölə yönəltmək kömək edib. Yanlış seçilən yerimə forması isə əksinə, oynaqdakı yükü artıra bilər.
Tədqiqatda diz oynağının yüngül və orta dərəcəli osteoartrozu olan 68 nəfər iştirak edib. Eksperimentdən əvvəl iştirakçıların MRT müayinəsi aparılıb, həmçinin xüsusi sensorlar və hərəkət analiz sistemi ilə onların yerimə tərzi qiymətləndirilib. Bu yolla hər bir insan üçün ən uyğun ayaq bucağı müəyyənləşdirilib.
İştirakçıların bir qrupuna fərdi şəkildə seçilmiş yerimə korreksiyası tətbiq olunub, digər qrupa isə plasebo üsulu verilib. Daha sonra könüllülər altı həftə ərzində xüsusi vibrasiya siqnalları verən cihaz vasitəsilə yeni yerimə formasını məşq ediblər və gündə ən azı 20 dəqiqə bu qaydada yerimələri tövsiyə olunub.
Bir ildən sonra aparılan nəticələr göstərib ki, fərdi yerimə korreksiyası tətbiq olunan şəxslərdə ağrılar əhəmiyyətli dərəcədə azalıb və qığırdaq toxumasındakı zədələnmə daha yavaş inkişaf edib.
Alimlər vurğulayıblar ki, bu üsulu həkim nəzarəti olmadan tətbiq etmək düzgün deyil. Çünki ayağın yanlış bucaq altında qoyulması diz oynağına düşən yükü daha da artıra bilər.
NURİYYƏ