Qarabağda ilk dəfə keçirilən tələbə və gənclərin beynəlxalq BMT Modeli konfransı davam edir
Aznews.az xəbər verir ki, Qarabağ Universitetində keçirilən QUMUN 2026 konfransının ikinci günü komitə sessiyaları və diplomatik müzakirələrlə davam edib.
Yerli və xarici iştirakçılar xBMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsinin iclas və sessiyalarını simulyasiya edərək Asiya, Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika və Avstraliya qitələrindən müxtəlif ölkələrin diplomatları rolunda müxtəlif mövzular ətrafında intensiv debatlar aparıblar.
Sessiyalar zamanı nümayəndələr qlobal və regional çağırışlarla bağlı mövqelərini təqdim edib, çoxtərəfli diplomatik danışıqlarda iştirak edərək beynəlxalq qərar qəbul etmə proseslərini simulyasiya ediblər.
Komitə iclaslarında post-münaqişə dövründə şəhərsalma və urbanizasiya, mədəni irsin qorunması, sülh quruculuğu, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellektin idarə olunması kimi mövzular üzrə geniş müzakirələr aparılıb. İştirakçılar müxtəlif ölkələrin mövqelərini təhlil edərək problem həllinə yönəlmiş yanaşmalar irəli sürüblər.
Sessiyalar çərçivəsində nümayəndələr tərəfindən qətnamə layihələrinin ilkin versiyaları hazırlanaraq komitələrdə təqdim olunub. Təqdim olunan sənədlər üzrə debatlar keçirilib, iştirakçılar tərəfindən müxtəlif düzəliş və əlavələr təklif edilib, qətnamələrin məzmununun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparılıb. Bununla yanaşı, nümayəndələr arasında koalisiyaların formalaşdırılması və ortaq mövqelərin hazırlanması prosesi də davam edib.