AZ

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Bakı, 24 may, AZƏRTAC

Bakı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdiyi günlərdə paytaxtın incisi olan İçərişəhər möhtəşəm mədəniyyət və əyləncə mərkəzinə çevrilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 18-dən 24-dək davam edən genişmiqyaslı proqram çərçivəsində qədim qoruğun müxtəlif məkanlarında interaktiv, inklüziv və yaradıcı layihələr həyata keçirilib. Tədbirlər həm şəhər sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olub.

İlk günlərdən etibarən Qız Qalası meydanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə qastro-zona fəaliyyət göstərib, milli mətbəx nümunələri təqdim olunub və şirniyyatların hazırlanması üzrə ustad dərsləri keçirilib. Şəhərsalma mövzusuna uyğun olaraq tortlardan Qız Qalası, “Flame Towers” və digər memarlıq simvollarının xüsusi dizaynlı maketləri hazırlanıb.

Azyaşlılar üçün xüsusi rəsm və heykəltəraşlıq pavilyonları təşkil olunub. Rəssamların iştirakı ilə həyata keçirilən “Graffiti Jam” layihəsi isə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Mayın 21-də “Gələcəyin memarları” layihəsi çərçivəsində uşaqlar tərəfindən təqdim olunan “Mehriban şəhər” adlı futuristik layihələrin sərgisi qonaqların diqqət mərkəzində olub. Uşaqlar canlı molbertlər obrazında hazırladıqları kreativ memarlıq kompozisiyaları ilə forum iştirakçılarının böyük rəğbətini qazanıblar.

Eyni zamanda, 20–22 may tarixlərində Qoşa Qala meydanında WUF13 çərçivəsində şəhərsalma yarmarkası təşkil edilib. Yarmarka çərçivəsində yerli brendlərin tanıtım və satış sərgisi təşkil olunub. Bundan əlavə, 20–22 may tarixlərində Qoşa Qala meydanında konsert proqramları təşkil olunub. Bakı Xanları Parkında ənənəvi əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil edilərək yerli kiçik biznes sahibkarlarına dəstək göstərilib və yarmarka mayın 24-dək davam edəcək. Həmçinin, 20–24 may tarixlərində Qız Qalası meydanında “Game Urban” zonası çərçivəsində qurulan masaüstü oyunlar hər yaşda olan qonaqlar üçün interaktiv əyləncə imkanları təqdim edir.

Bu gün saat 15:00-da isə tədbirlərin yekun günü münasibətilə Qız Qalası meydanı yaxınlığında uşaqlar və böyüklər üçün “Circle Game” adlı interaktiv proqram keçiriləcək.

Seçilən
3
6
azertag.az

10Mənbələr