Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qarabağda ilk dəfə təşkil olunan beynəlxalq BMT Modeli konfransı – QUMUN 2026 işə başlayıb.
Hafta.az xəbər verir ki, 1-ci Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransı mayın 23-dən 25-dək keçiriləcək.
Konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində təşkil olunub. Tədbir “Gənclərin Beynəlxalq Dialoq Platforması” İctimai Birliyinin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə keçirilir.
Layihə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, tələbə və gənclərin bacarıqlarını inkişaf etdirmək, onların qlobal proseslərə inteqrasiyasını təmin etmək, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin və Qarabağ Universitetinin beynəlxalq akademik dialoq, təhsil və diplomatiya mərkəzinə çevrilməsini təşviq etmək məqsədi daşıyır.
Konfransın açılış mərasimi Qarabağ Universitetində baş tutub. Açılış mərasiminə dövlət və ictimai qurumların nümayəndələri, akademik heyət, yerli və xarici iştirakçılar qatılıblar.
Tədbirdə 20-dən çox ölkədən 100-dən artıq nümayəndə iştirak edir. Gənclər üç gün ərzində beynəlxalq diplomatiya mühitində bir araya gələrək qlobal və regional məsələlər ətrafında müzakirələr aparacaq, BMT-nin müxtəlif qurumlarının fəaliyyət modelini simulyasiya edəcəklər.
Açılış mərasimində Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə və “Gənclərin Beynəlxalq Dialoq Platforması”nın sədri Əli Tağıyev çıxış ediblər.
Çıxışlarda gənclərin beynəlxalq əməkdaşlıq, diplomatiya və liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Qarabağda belə beynəlxalq tədbirin təşkili regionun akademik və gənclər mühitinin inkişafına mühüm töhfə verir.
QUMUN 2026 çərçivəsində iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsi qurumları üzrə simulyasiya sessiyalarında iştirak edəcəklər. Müzakirələr Azərbaycan, region və beynəlxalq arena üçün aktual olan sülh quruculuğu, şəhərsalma, urbanizasiya, mədəni irsin qorunması, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellekt kimi mövzuları əhatə edəcək. Konfrans gənclər üçün fikir mübadiləsi, beynəlxalq əlaqələrin qurulması və çoxtərəfli əməkdaşlığın təşviqi baxımından mühüm platforma rolunu oynayacaq.
Layihə çərçivəsində yerli və xarici iştirakçıların Şuşa şəhərinə səfərinin təşkili, onların Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, yerli gənclərin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində həvəsləndirilməsi və iştirakı, əcnəbi gənclərin Şuşanın tarixi və mədəni abidələri və aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi nəzərdə tutulub.
Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionun beynəlxalq akademik və gənclər əməkdaşlığı məkanı kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.