Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kimya sənayesinin bir hissəsi və hərbi obyekti olan “Metafrax Chemicals” şirkətinə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”dakı paylaşımında verib.
O qeyd edib: “Rusiyanın əsas hərbi obyektlərindən birinin məhv edilməsinə görə Ukrayna Təhlükəsizlik Xidmətinə minnətdaram. Sərhədimizdən məsafə 1700 kilometrdir, obyekt Perm bölgəsindədir. “Metafrax Chemicals” Rusiya kimya sənayesinin vacib hissəsidir”. Zelenski şirkətin məhsullarının onlarla digər Rusiya hərbi istehsal müəssisəsini təmin etdiyini bildirib.
“Buraya təyyarələr, dronlar, raket mühərrikləri və partlayıcı maddələr daxildir. Artıq müəssisədə istehsal dayandırılıb. Bizim “uzaqməsafəli sanksiyamız” vacibdir”, - deyə o yazıb.