“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının sonuncu – 33-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar mövsümün son oyunu çərçivəsində bu gün Sumqayıtda üz-üzə gəliblər.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İstəyimizə nail olduq. Hazırda turnir cədvəlindəki mövqeyimiz bizə Avropa Konfrans Liqasında iştirak etmək hüququ verir. Kimin gedib, kimin qalacağına gəlincə, bəzi futbolçuların müqavilələri bitib. Mövsüm başa çatdığı üçün artıq bu işlə daha konkret məşğul olacağıq. Həm avrokuboklarda, həm də növbəti ölkə çempionatında daha yaxşı nəticə göstərmək üçün heyətimizi gücləndirməyə ehtiyac var. Klubun sahibləri var. Onlar mənə suallar verəcəklər, mən də onların suallarına cavab verəcəyəm. Sabahdan etibarən kimlərin qalacağına, kimlərin gedəcəyinə qərar verəcəyik.
Premyer Liqa klublarında həm yaxşı azərbaycanlı, həm də legioner futbolçular var. Seçim etsəm, bəlkə də azərbaycanlı oyunçuları seçərdim. Eyni zamanda milli komandaya da dəstək olmaq istəyirəm. Nə qədər yaxşı yerli futbolçu olsa, milli üçün faydalıdır. Azərbaycanda çıxış edən diqqət çəkən əcnəbi futbolçular da var. Əgər eyni mövqe üçün həm yerli, həm əcnəbi namizəd varsa, gərək əcnəbinin səviyyəsi daha yuxarı olsun ki, onu götürək. Səviyyələri bərabərdirsə, yerlini seçərəm.
“Neftçi” ilə uzunmüddətli layihəyə gəlincə, belə bir təklif olarsa, əlbəttə, düşünərəm. Çünki mən Azərbaycanı, onun xalqını, buradakı insanları səmimiliyinə, qonaqpərvərliyinə görə çox sevirəm və bu gün burada olduğum, bu şəraitdə çalışdığım üçün məmnunam”.
