Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Admiral Essen” freqatını vurduqlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri mayın 23-nə keçən gecə Novorossiyskdə və Rusiyanın nəzarətində olan ərazilərdə bir sıra hədəflərə zərbələr endirildiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brovdinin sözlərinə görə, Novorossiyskdə vurulan hədəflər arasında 1239 layihəli hava yastıqlı raket gəmisi, “Admiral Essen” freqatı, həmçinin “Şesxaris” terminalı və “Qruşevaya Balka” neft anbarı yer alıb.
Hədəflərə dəyən mümkün ziyanın miqyası açıqlanmayıb.
Bundan başqa, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində yerləşən obyektlərə də zərbələr endirildiyi iddia olunur. Bildirilir ki, hücumlar hava hücumundan müdafiə mövqeləri, pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələri, arxa cəbhə bazaları və hərbi texnikaları hədəf alıb.
Hazırda bu məlumatlarla bağlı rəsmi təsdiq verilməyib.
Musavat.com