Bakı, 23 may, AZƏRTAC
Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) beynəlxalq əməkdaşlıqların genişlənməsi və yeni layihələrin formalaşması baxımından mühüm platforma olub.
Bu barədə AZƏRTAC-a “Bakı Dizayn Akademiyası”nın təsisçisi Aysel Gülməmmədova məlumat verib.
Onun sözlərinə görə, WUF13 çərçivəsində Mədəniyyət Nazirliyinin də iştirak etdiyi panel sessiyalarda çıxışlar edilib və burada dünya dizayn yarışmaları sahəsində həyata keçirilən fəaliyyətlər təqdim olunub. Həmçinin beynəlxalq dizayn yarışmalarına dair səhnə görüntüləri nümayiş etdirilib.
Aysel Gülməmmədova qeyd edib ki, tədbir zamanı UNESCO ilə bağlı təqdimatlar və digər beynəlxalq təşəbbüslərlə tanış olmaq imkanı yaranıb. Onun fikrincə, bu istiqamətlərin hamısı bir-biri ilə əlaqəlidir və nəticə etibarilə gənclərin inkişafına, onların beynəlxalq səviyyədə uğur qazanmasına xidmət edir.
O vurğulayıb ki, belə qlobal tədbirin Azərbaycanda keçirilməsi həm ölkə, həm də yerli təşəbbüslər üçün mühüm fürsət yaradıb və beynəlxalq diqqətin ölkəyə yönəlməsinə töhfə verib.
A.Gülməmmədova əlavə edib ki, “Adobe World Championship” beynəlxalq sertifikatlaşdırma sisteminə əsaslanan yarışmadır və bu istiqamətdə həyata keçirilən layihələr qlobal standartlara uyğun şəkildə qurulur.
“Adobe”, “Microsoft” və digər beynəlxalq platformalar vasitəsilə əldə olunan təcrübə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə yardım edir. Sessiya çərçivəsində UNESCO nümayəndələri ilə də görüşlər keçirilib, mümkün əməkdaşlıqlar müzakirə olunub və Bakı Dizayn Akademiyasının gələcək layihələri barədə fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, WUF13 zamanı qurulan əlaqələr gələcək layihələr və beynəlxalq tərəfdaşlıqlar üçün mühüm zəmin yaradıb.