AZ

“Xalq bu adamı sürüyüb Makronun yanına göndərəcək” – Medvedyevdən Paşinyana alçaldıcı ZƏRBƏ

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın baş naziri Nikol Paşinyan barədə son illərin ən sərt açıqlamalarından birini verib. Kremlin yüksək vəzifəli rəsmisi Paşinyanın həm Avropa İttifaqına yaxınlaşmağa, həm də Rusiyanın iqtisadi imtiyazlarını saxlamağa çalışdığını deyərək onu açıq şəkildə hədəfə alıb.

Medvedyev bildirib:

“Hamıya aydındır ki, ölkə A (Ermənistan - red.) Avropa qaz qiymətlərinə keçsə, əhali bu dayını...qovub birbaşa onun sevgili dostu Makronun yanına – Parisə göndərəcək. Ona görə də o, bütün dünyaya eyni anda xoş görünmək üçün ora-bura qıvranmağa məcburdur. Amma belə olmur”.

Rusiya rəsmisi daha əvvəl də Nikol Paşinyanın siyasətini “iki stul arasında oturmaq cəhdi” adlandırmışdı. Onun sözlərinə görə, İrəvan bir tərəfdən Avropa İttifaqına inteqrasiya etmək istəyir, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqının verdiyi ucuz qaz və iqtisadi üstünlüklərdən imtina etməyə tələsmir.

Medvedyev xüsusilə vurğulayıb ki, Rusiya hazırda Ermənistana qazı min kubmetr üçün cəmi 177,5 dollara verir. Halbuki Avropada birja qiymətləri 570–590 dollar arasında dəyişir. Kreml nümayəndəsinin fikrincə, Ermənistan Qərbə tam inteqrasiya edərsə, bu güzəştlər də bitəcək və ölkə daxilində ciddi sosial partlayış yarana bilər.

QAZ.jpg

Moskvanın narazılığı təkcə Medvedyevin açıqlaması ilə məhdudlaşmır. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin da Paşinyanın siyasətini “qeyri-dost siyasət” adlandıraraq bildirib ki, Ermənistan Rusiyanın imkanlarından istifadə edir, amma paralel şəkildə Moskvadan uzaqlaşmağa çalışır.

Bu fonda Nikol Paşinyanın ölkə daxilində keçirdiyi seçki kampaniyası da qalmaqallar və istehza ilə müşayiət olunur. Ermənistan mediasında və sosial şəbəkələrdə yayılan görüntülərdə baş nazirin əlində mikrofon küçələrdə əsəbi şəkildə ora-bura qaçdığı, etirazçılarla mübahisə etdiyi görünür.

5-10.jpg

Müxalif qüvvələr Paşinyanın davranışlarını “siyasi isterika” və “hakimiyyət qorxusu” kimi qiymətləndirirlər. Kampaniya tədbirlərində Nikol Paşinyanın emosional çıxışları, qışqıraraq tərəfdar toplamağa çalışması və küçə debatlarına şəxsən qoşulması hətta onun tərəfdarları arasında belə narahatlıq yaradıb. Erməni müxalifətçiləri hesab edir ki, baş nazir artıq klassik dövlət rəhbəri obrazından uzaqlaşıb və populist küçə siyasətinə qayıdıb.

 

İrəvandakı müşahidəçilər qeyd edirlər ki, Paşinyan son aylarda həm xarici siyasətdə, həm də daxildə ciddi təzyiq altındadır.

Onun Avropa İttifaqına inteqrasiya xətti də Ermənistan daxilində birmənalı qarşılanmır. Bir qrup bunu Rusiyadan qopuş kimi dəstəkləsə də, digər hissə hesab edir ki, Moskva ilə münasibətlərin korlanması ölkə iqtisadiyyatına ağır zərbə vuracaq. Xüsusilə qaz qiymətləri və enerji təhlükəsizliyi məsələsi İrəvanda ən həssas mövzulardan biri sayılır.

Rusiya prezidenti Vladimir Putin də daha əvvəl Paşinyana açıq mesaj göndərərək Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına bağlı qala bilməyəcəyini bildirmişdi.

Bütün bunların fonunda Ermənistanda seçki kampaniyası artıq təkcə daxili siyasi mübarizə deyil, həm də Moskva ilə Brüssel arasında geosiyasi qarşıdurmanın yeni mərhələsi kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
95
21
musavat.com

10Mənbələr