AZ

WUF13 qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi - RƏY

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkənin gündən-günə artan beynəlxalq nüfuzunu, qlobal proseslərdə fəal iştirakını, şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətini beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O xatırladıb ki, mayın 17-dən 22-dək Bakı şəhəri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Hökumətinin təşkilatçılığı ilə "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçirilən və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilən WUF13-ə ev sahibliyi edib:

"Forum artıq öz işini başa çatdırsa da, təbii ki, bundan sonrakı mərhələdə onun hansı nəticələrlə tarixə yazıldığı, bu mötəbər beynəlxalq tədbirin qlobal səviyyədə hansı imkanları açdığı, həmçinin ölkəmizin dünya miqyasında dayanıqlı və təhlükəsiz şəhər modelinin müəyyənləşdirilməsinə töhfələri ətraflı şəkildə təhlil ediləcək. Necə ki, Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransının uğurlu nəticələri, növbəti COP-lara təqdim etdiyi təcrübələr bu gün də təhlil edilməkdədir.

Forumun regionda ilk dəfə olaraq ölkəmizdə təşkil edilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun nümayişi oldu. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası qlobal urbanizasiya problemlərinin müzakirəsi və həlli yollarının tapılması baxımından tarixi hadisə kimi yadda qaldı. İlk diqqətçəkən məqam 176 ölkədən 57000-dən çox nümayəndənin qatıldığı Forumda iştirakçı sayının rekord həddə olması idi. Bu, Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası olub".

Vüqar Rəhimzadə

Deputat qeyd edib ki, iştirakçıların sayının rekord həddə çatması ilk olaraq ölkələrin şəhərsalma məsələsinə xüsusi diqqət göstərdiyini təsdiqləyir:

"Bakı bir daha qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı və çoxtərəfliliyi təşviq edən vacib platforma rolunu oynadı. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29 iqlim konfransından sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Hər iki tədbir Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi.

Hazırda müasir dünyanın üzləşdiyi qlobal çağırışlar, münaqişələr və qeyri-sabitlik fonunda dialoqun və əməkdaşlığın vacibliyi əsasdır. Azərbaycanın dünyada əməkdaşlıq və dialoq məkanı kimi tanınması, nüfuz qazanması tədbir iştirakçılarının rəylərində də özünün aydın ifadəsini tapdı. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uğurlu nümunə olması, həmçinin Bakı Forumunun qlobal dialoqa töhfə verən platforma kimi tarixə yazıldığı xüsusi qeyd edildi.

Forum çərçivəsində keçirilən tədbirlərdə iştirakçılar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını Münxen Təhlükəsizlik Konfransı və Davos Forumu ilə müqayisə edərək WUF13-ün daha səmimi, açıq və konstruktiv müzakirə mühiti ilə fərqləndiyini bildirdilər. Şübhəsiz, bütün bu uğurların əsasında Azərbaycanın liderliyini qoruması, zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində fəal iştirakı və üzərinə götürdüyü məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək, müəyyənləşdirilən vəzifələri real addımları ilə təsdiqləmək hədəfi dayanır".

V.Rəhimzadənin sözlərinə görə, belə mötəbər tədbirlərə ev sahibliyi etmək böyük uğur olmaqla yanaşı, eyni zamanda, məsuliyyətdir:

"Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında da bu reallığı diqqətə çatdırdı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Eyni zamanda, bu əminlik də ifadə edildi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bu sessiya qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi. Forum çərçivəsində səsləndirilən fikirlərdə də bu məqam vurğulandı ki, indiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə təhlükəsiz və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bir daha təsdiqləyir. Urbanizasiya problemi hazırda əksər ölkələr üçün aktualdır, xüsusilə əhali sayının artması, ekoloji çağırışların meydana gəlməsi şəhərsalma prosesində yeni vəziyyət yaradıb".

Deputat vurğulayıb ki, Forum çərçivəsində keçirilən Liderlərin Bəyanatları Sessiyası əsas məqamlardan biri olub:

"Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində baş tuturdu. 27 ölkənin dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Liderlər Sammitindəki çıxışlarda Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi. İlk dəfə olaraq Forum çərçivəsində belə bir sessiyanın təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, WUF13-ün siyasi əhəmiyyətini artırdı".

Deputat əlavə edib ki, Azərbaycan Forumun gündəliyinə əhəmiyyətli dərəcədə töhfə verdi və unikal təcrübəsini paylaşdı:

"Azərbaycanda müasir şəhərsalma zamanı zəngin və qədim arxitektura ənənələrinin qorunması əsasdır. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi prioritetdir".

Seçilən
1
3
far.az

10Mənbələr