AZ

​ƏLİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ MÜHÜM DƏYİŞİKLİK Nazirlər Kabineti qərar verdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hökumət istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı icbari sığorta mexanizmlərini yenilədikdən sonra, əlilliyin təyini prosedurlarını da bu sistemə uyğunlaşdırır. Baş nazir Əli Əsədovun imzaladığı son qərar bəzi bürokratik tələbləri sıradan çıxarır.

Belə ki, Nazirlər Kabineti rəsmi olaraq “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda mühüm dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Baş nazir Əli Əsədov tərəfindən mayın 22-də may imzalanan yeni sənəd, əlillik təyinatı və istehsalat fəaliyyəti zamanı sağlamlığını itirmiş şəxslərin sığorta-kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

"AzPolitika" xəbər verir ki, bu addım ötən ilin sonlarında qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna edilən dəyişikliklərin və müvafiq Prezident Fərmanının icrasını təmin etmək xarakteri daşıyır.

Bəs Nazirlər Kabinetinin bu qərarı ilə real praktika nələr dəyişir? Sənədin hüquqi və sosial mahiyyətini bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür:

-"Əmək zəmanəti" tələbi ləğv edilir; 

-Elektronlaşma bürokratiyanı üstələyir.

Dəyişikliyin ən diqqətçəkən bəndlərindən biri Qaydanın 2.6-cı bəndindən “və əmək zəmanəti” sözlərinin çıxarılmasıdır.

Əvvəlki praktikada vətəndaşın əlillik dərəcəsinin və ya peşə əmək qabiliyyətini itirmə faizinin müəyyən edilməsi üçün onun iş yerindən kağız daşıyıcıda "əmək zəmanəti" (işçinin əmək şəraiti, yerinə yetirdiyi funksiyalar və istehsalat xarakteristikası barədə məlumat) tələb olunurdu. Dövlət orqanlarının rəqəmsal alt-sistemlərinin, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminin (EMAS) tam gücü ilə fəaliyyət göstərdiyi hazırkı dövrdə bu növ sənədlərin kağız forması öz funksionallığını itirmişdi. Bu dəyişiklik vətəndaşların və işəgötürənlərin əlavə sənəd toplamaq yükünü azaldır.

Normativ baza ziddiyyətlərdən təmizlənir

Qərarla mövcud Qaydaların 1.13-cü və 2.10-cu bəndləri, habelə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının (TSEK) müvafiq qərarının 4.6-cı bəndi ləğv edilib.

Ekspertlərin fikrincə, bu ləğvlər əlilliyin qiymətləndirilməsi zamanı fərqli qurumların və normativ aktların bir-biri ilə kəsişən, bəzən isə ziddiyyət təşkil edən müddəalarını ortadan qaldırmaq məqsədi daşıyır. Xüsusilə istehsalat qəzaları zamanı sığorta ödənişlərinin təyini üçün əlilliyin hansı meyarlarla və hansı sürətlə qiymətləndiriləcəyi məsələsi birbaşa mərkəzi qanunvericiliyə uyğunlaşdırılır.

Bu dəyişiklik kimə lazımdır?

Nazirlər Kabinetinin bu qərarı sadəcə texniki düzəliş deyil, birbaşa olaraq əmək bazarında bədbəxt hadisələrlə üzləşən və peşə xəstəliyindən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsinə yönəlib.

Sənədin tətbiqi nəticəsində:

İstehsalatda xəsarət alan vətəndaşların tibbi-sosial ekspertiza komissiyalarında yubanmasının qarşısı alınacaq;

Sığorta şirkətləri ilə vətəndaşlar arasındakı kompensasiya mübahisələrində əlillik meyarları daha şəffaf tənzimlənəcək;

Artıq tənzimləmə mexanizmləri ləğv edildiyi üçün proseslərin tam elektron müstəvidə idarə olunması sürətlənəcək.

Hökumətin bu qərarı sosial sığorta və əlillik sistemində islahatların "birmənalı olaraq rəqəmsallaşma və optimallaşma" xətti ilə davam etdiyini göstərir.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
azpolitika.info

1Mənbələr