AZ

Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı

İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Muş Dövlət Xəstəxanası tibb dünyasında inqilabi bir uğura imza atıb. Türkiyənin yerli imkanları ilə hazırlanan "Avicenna Roboflex" (İbn-i Sina) robotu və "Turkcell" şirkətinin 5G infrastrukturu vasitəsilə, İstanbuldan Muşdakı xəstəyə dünyanın ilk məsafədən RIRS üsulu ilə böyrək daşı əməliyyatı edilib.

News365.az xəbər verir ki, tarixi əməliyyat İstanbul Tibb Fakültəsindən Prof. Dr. Tzevat Tefik və Muş Dövlət Xəstəxanasından Op. Dr. Rıfat Burak Ergül tərəfindən həyata keçirilib.

Hər iki xəstəxanada qurulan 5G şəbəkəsi yüksək məlumat ötürmə sürəti və ultra aşağı gecikmə müddəti (low latency) sayəsində əməliyyatın tam təhlükəsiz keçməsinə şərait yaradıb.

Təxminən 4 saat davam edən və xəstəyə heç bir cərrahi kəsik tətbiq edilmədən, təbii yollarla daxil olunaraq icra edilən bu prosedur, böyrək daşı müalicəsində Retroqrad İntrarenal Cərrahiyyə (RIRS) metodu ilə məsafədən edilən dünyanın ilk tele-əməliyyatı kimi tibb tarixinə düşüb.

İstanbul Universitetinin rektoru Prof. Dr. Osman Bülent Zülfikar əməliyyatdan sonra keçirilən mətbuat konfransında bildirib ki, 5G texnologiyası tibb sektorunda məsafədən diaqnoz, təqib, görüntüləmə və cərrahiyyə proseslərində tamamilə yeni imkanlar yaradır:

"Bu uğurlu əməliyyat, İstanbul Tibb Fakültəsinin robot-yardımlı RIRS və qabaqcıl endourologiya sahəsindəki böyük təcrübəsinin digər uzaq mərkəzlərə də uğurla ötürülə biləcəyini göstərdi. Bu, bəşəriyyətin həyatını asanlaşdırmağa yönəlmiş mühüm bir elmi addımdır."

Əməliyyatı İstanbuldan idarə edən Prof. Dr. Tzevat Tefik 5G texnologiyasının yaratdığı möcüzəni bu sözlərlə ifadə edib:

"İbn-i Sina robotu sayəsində Muşdakı xəstəni İstanbuldan elə eyni əməliyyatxanadaymışıq kimi təqib edə bildik. Şəbəkədəki ultra aşağı gecikmə müddəti sayəsində cərrahi instinktlərimizdən və həssaslığımızdan heç bir şey itirmədən proseduru tamamladıq. Bu nailiyyət telecərrahiyyənin sadəcə bir texnoloji nümayiş olmadığını, klinik praktikada təhlükəsiz tətbiq oluna biləcək real bir model olduğunu sübut etdi. Hədəfimiz Türkiyəni bu sahədə beynəlxalq bir referans (mütəxəssis) mərkəzinə çevirməkdir."/Milli.az

Seçilən
58
3
news365.az

4Mənbələr