ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın Milli Kəşfiyyat direktoru vəzifəsindən ayrıldığını təsdiqləyib.
APA-nın məlumatına görə, Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, Qabbard son ilyarım ərzində mühüm işlər görüb:
“Tulsi inanılmaz iş gördü və biz onun üçün darıxacağıq”.
ABŞ lideri qeyd edib ki, Qabbard həyat yoldaşında xərçəng aşkarlanaşkarlandığına görə iyunun 30-da administrasiyanı tərk edəcək.
Trampın sözlərinə görə, Milli Kəşfiyyat rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Qabbardın birinci müavini Eron Lukas icra edəcək.
***
21:52
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard həyat yoldaşının nadir sümük xərçəngi ilə mübarizəsinə dəstək olmaq üçün vəzifəsindən istefa verir.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Qabbard qərarı barədə ABŞ Prezidenti Donald Trampa cümə günü Oval kabinetdə keçirilən görüş zamanı məlumat verib. Onun Milli Kəşfiyyat rəhbəri vəzifəsində son iş gününün iyunun 30-u olacağı gözlənilir.
Telekanal Qabbardın rəsmi istefa məktubunun mətnini də əldə edib.
“Təəssüf ki, 30 iyun 2026-cı il tarixindən etibarən istefa verməliyəm. Həyat yoldaşım Abrahamda yaxın zamanda son dərəcə nadir rast gəlinən sümük xərçəngi aşkarlanıb”, – məktubda qeyd olunub.
Qabbard məktubunda Donald Trampa son ilyarım ərzində ABŞ Milli Kəşfiyyat İdarəsinə rəhbərlik etmək imkanı yaratdığı və göstərdiyi etimada görə təşəkkür edib.