Dünyanın siyasi diqqəti hazırda Pekinin üzərindədir. Buna səbəb də, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin ard-arda gerçəkləşən Çin səfərləridir.
Tramp və Putinin Pekin gedişləri beynəlxalq gündəmdə ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib. Qlobal qarşıdurmaların, iqtisadi savaşların və geosiyasi gərginliyin artdığı bir dövrdə hər iki liderin Çinə üz tutması təsadüfi sayılmır. Bu səfərlər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də dünyanın gələcək siyasi və iqtisadi düzəninin necə formalaşacağı baxımından xüsusi əhəmiyyət daşıyır.
Tramp və Putin Pekində hansı mesajları verdi? Liderlərin əsas məqsədi nə idi və bu görüşlərin real nəticələri olacaqmı? Pekində aparılan danışıqlar yaxın dövrdə beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərə bilərmi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: "Hər iki ölkənin başçısının Çinə səfər etmək məcburiyyətində qaldığını düşünmək olar. Tramp və Putinin Çindən müəyyən istəkləri var idi. Lakin Çin lideri bu istəklərin heç birinə razılıq vermədi.
Trampın əsas istəyi Çin hökumətinin İran rejiminə təzyiq göstərərək Hörmüz boğazının açılmasına nail olması idi. Vladimir Putinin əsas istəyi isə Avropaya sata bilmədiyi qazın böyük hissəsini Çinə ixrac etmək üçün “Sibirin gücü” boru xəttinin tikintisinə Pekinin razılıq verməsi idi.
Çin lideri həm Trampla, həm də Putinlə isti müzakirələr aparsa da, nə Trampın, nə də Putinin istəyi yerinə yetirildi. Əlbəttə, Hörmüz boğazının açılması Çinin maraqlarına uyğundur, lakin Çin bu məqsədlə İran rejiminə təzyiq göstərmək niyyətində deyil. Çünki çinlilər hesab edirlər ki, İran rejimi ABŞ qarşısında zəifləsə və ya devrilsə, Vaşinqton İran neftinin Çinə satışına nəzarət etməyə başlayacaq. Bu isə Çinin maraqlarına ziddir.
Eyni zamanda, Çin Rusiyadan kifayət qədər neft və qaz alsa da, enerji təchizatında yalnız bir ölkədən asılı olmaq istəmir. Buna görə də Pekin Rusiyanın çətin vəziyyətindən istifadə edərək qazın qiymətini daha da aşağı salmağa çalışır. Rusiyanın isə başqa çıxış yolu yoxdur. Çünki artıq Avropaya əvvəlki həcmdə neft və qaz sata bilmir. On ildən çoxdur ki, “Sibirin Gücü” boru xəttinin tikintisi müzakirə olunur, lakin Çin hələ də buna tam razılıq verməyib.
Bütün bunlar göstərir ki, üç böyük dövlətdən ikisi — Rusiya və ABŞ müxtəlif qarşıdurmaların içindədir. Üçüncü böyük dövlət olan Çin isə müharibələrdən yayınaraq əsas diqqətini iqtisadi inkişafına yönəldir və nəticədə həm Rusiya, həm də ABŞ müəyyən mənada Çindən asılı vəziyyətə düşür".
Cavanşir Abbaslı
Musavat.com