“F-Holding”in təsisçisi Fərid Mustafayev XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda keçirilməsini ölkənin beynəlxalq nüfuzunun və qlobal arenadakı mövqeyinin növbəti göstəricisi kimi qiymətləndirib.
O bildirib ki, BMT səviyyəsində təşkil olunan və dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən belə nüfuzlu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın artıq beynəlxalq platformalarda etibarlı tərəfdaş və güclü dövlət kimi qəbul olunduğunu göstərir.
Fərid Mustafayev qeyd edib ki, uzun illər Avropada yaşayan bir azərbaycanlı kimi bu inkişafı və ölkənin beynəlxalq arenadakı yüksəlişini daha aydın şəkildə müşahidə etmək mümkündür:
“Bu gün Azərbaycanın gəlib çatdığı mərhələ təsadüfi deyil. Bu, cənab Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycan artıq təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkələrdən birinə çevrilib.”
Onun sözlərinə görə, son illərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkənin təşkilatçılıq imkanlarını, təhlükəsizlik modelini və müasir inkişaf konsepsiyasını dünyaya nümayiş etdirib.
F.Mustafayev vurğulayıb ki, WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin, ekspertlərin və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi maraq ölkəmizin nüfuzunun daha da artdığını sübut edir:
“Belə möhtəşəm tədbirin iştirakçısı olmaq mənim üçün böyük qürur hissidir. Bu forum bir daha göstərdi ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Burada yaradılan beynəlxalq atmosfer, müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycana münasibəti hər bir azərbaycanlı üçün qürurvericidir.”
Fərid Mustafayev əlavə edib ki, Azərbaycanın əldə etdiyi uğurların əsasını güclü liderlik və dövlətçilik siyasəti təşkil edir:
“Dünyada yalnız o ölkələr seçilir və hörmət qazanır ki, həmin ölkələrə güclü liderlər rəhbərlik edir. Azərbaycanın bu gün dünya arenasında qazandığı nüfuzun əsasında da məhz güclü siyasi iradə dayanır. Torpaqlarımızın azad olunması ilə nəticələnən tarixi Zəfər və ölkəmizin beynəlxalq platformalarda artan rolu bunun ən böyük sübutudur.”
Sonda o qeyd edib ki, WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıqların qurulmasına və ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.


