İranın ali lideri Müctəba Xamneyi silaha yaxın dərəcəli uranın xaricə ixrac edilməməsi barədə göstəriş verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, Tehranın sülh danışıqlarında ABŞ-nin əsas tələblərindən birinə məhəl qoymamaq deməkdir.
"Ali liderin göstərişi və hakimiyyət daxilindəki konsensus zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxmamasıdır", - deyə İran mənbəsi bildirib.
Tehran hesab edir ki, materialların xaricə göndərilməsi İranı ABŞ və İsrailin gələcək hücumlarına qarşı daha həssas edəcək və əsas dövlət məsələləri üzrə son söz Xamneyinindir.
Başqa bir mənbə “Rpyters”ə bildirib ki, uran məsələsinin həlli üçün "işlək formullar" mövcuddur. O, bunun "MAQATE nəzarəti altında ehtiyatların durulaşdırılmasını" əhatə etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp söz verib ki, ABŞ İranın saflaşdırılmış uran ehtiyatlarına sahib olmasına icazə verməyəcək.
"Biz onu əldə edəcəyik. Bizə lazım deyil, istəmirik. Yəqin ki, əldə etdikdən sonra məhv edəcəyik, amma onların buna sahib olmasına icazə verməyəcəyik", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
İsrail mənbələrinə görə, Tramp İsrailə İranın nüvə silahı yaratmaq üçün lazım olan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılacağına və hər hansı bir sülh müqaviləsində bu barədə müddəanın olacağına zəmanət verib. Baş nazir Benyamin Netanyahu uran çıxarılana qədər müharibənin bitdiyini düşünməyəcəyini bildirib.
İsrail, ABŞ və digər Qərb ölkələri İranı uranı 60%-ə qədər zənginləşdirməyə çalışmaqda ittiham edirlər ki, bu da mülki istifadə üçün lazım olandan daha yüksəkdir və nüvə silahları üçün lazım olan səviyyəyə (90%) yaxındır.
İran nüvə silahı əldə etmək niyyətində olmadığını inkar edir və bildirir ki, bəzi yüksək zənginləşdirilmiş uranlar tibbi məqsədlər üçün və Tehranda 20%-ə qədər zənginləşdirilmiş uranla işləyən tədqiqat reaktoru üçün lazımdır.
MAQATE-nın məlumatına görə, 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumları zamanı İran 60%-ə qədər zənginləşdirilmiş 440,9 kq urana sahib idi və bunun nə qədərinin qaldığı məlum deyil.
Müharibədən əvvəl İran 60%-ə qədər zənginləşdirilmiş uranının yarısını xaricə göndərməyə hazır olduğunu bildirmişdi. Lakin İran mənbələri bildiriblər ki, bu mövqe Trampın İrana zərbə endirməklə bağlı təhdidlərindən sonra dəyişib.
Bir neçə gün əvvəl Tramp bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ondan 19 may tarixinə planlaşdırılan İrana zərbələri ləğv etməsini istəyiblər, çünki "ciddi danışıqlar gedir". O, razılaşma olmadığı təqdirdə hücumları bərpa edəcəyi ilə hədələyib.
Musavat.com