2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı tədbir keçirilib.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, tədbirin məqsədi təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin inkişafı istiqamətində BMT təşəbbüslərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ekspertlər arasında dialoqu gücləndirmək, beynəlxalq təcrübələri təşviq etmək və ictimai iştirakçılığı artırmaqdır.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın bütün ərazilərini əhatə edən dövlət proqramları və inkişaf konsepsiyaları mövcuddur. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər mühitinin formalaşdırılmasıdır.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir", - deyə V.Rəhimzadə deyib.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov müxtəlif sahələrdə təhlükəsizlik məsələləri təkcə səmərəlilik baxımından deyil, həm də insan həyatı üçün ciddi risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını önə çəkib.

Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin sədri Əyyub Kərimli bildirib ki, şəhərlərə investisiyanın cəlb edilməsi və bu prosesin səmərəli idarə olunması şəhər idarəçiliyində maliyyə dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq təcrübələr göstərir ki, şəhərlərin idarə olunması və inkişafı üçün əhəmiyyətli maliyyə resursları tələb olunur.
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bildirib ki, Qarabağda və digər bölgələrdə həyata keçirilən yeni şəhərsalma təşəbbüsləri beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsi və yerli modellərin dünyaya təqdim olunması üçün vacib platformadır. “Hazırda Azərbaycan Qarabağda, Şuşada və digər bölgələrdə yeni şəhərsalma və məskunlaşma təşəbbüslərini həyata keçirir.
"Cebheinfo.az"