COP29-dan sonra Azərbaycan daha bir qlobal platformanın uğurlu təşkilatçısı kimi beynəlxalq diqqət mərkəzinə çevrildi. Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu -WUF13 miqyasına, iştirakçı sayına və qəbul edilən qərarların əhəmiyyətinə görə tarixə düşdü. 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən Forum BMT tarixində keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi yadda qaldı. Bu fakt təkcə tədbirin statistikasını deyil, Azərbaycanın qlobal proseslərdə artan rolunu və beynəlxalq etimad qazandığını da nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumu 13 Bakının beynəlxalq dialoq məkanına çevrildiyini bir daha sübut etdi. Son illər Azərbaycan təkcə enerji və nəqliyyat layihələri ilə deyil, həm də qlobal siyasi, humanitar və şəhərsalma gündəliyinin formalaşmasında aktiv iştirak edən dövlət kimi çıxış edir. WUF13-ün Bakıda keçirilməsi də məhz bu etimadın nəticəsi hesab olunur. Forumun Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin, dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş statusunun göstəricisi kimi qiymətləndirilir.
Forum çərçivəsində keçirilən tədbirlər sırasında ən diqqət çəkən məqamlardan biri mayın 17-də Azərbaycanın sədrliyi ilə təşkil olunan Nazirlər Görüşü oldu. Təxminən 70 ölkəni təmsil edən nazirlər və nazir müavinlərinin iştirakı ilə baş tutan toplantı qlobal şəhərsalma gündəliyinin əsas istiqamətlərini müəyyən edən mühüm siyasi platformaya çevrildi. Görüşün sonunda qəbul olunan “Sədrin xülasəsi” sənədi isə Azərbaycanın beynəlxalq nüfuzunun diplomatik təsdiqi kimi dəyərləndirilir.
Sənəddə ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən liderliyinin xüsusi vurğulanması diqqət çəkir. Bu məqam Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur, şəhərsalma və postmünaqişə bərpa siyasətinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.
“Sədrin xülasəsi”ndə WUF13-ün BMT-nin Ümumdünya Şəhərsalma Forumları tarixində ən böyük sessiya olduğu xüsusi qeyd edildi. Eyni zamanda Azərbaycan hökumətinə və xalqına yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkür ifadə olunması Bakının beynəlxalq tədbirlərin keçirilməsində formalaşdırdığı müsbət imicin növbəti təsdiqidir.
Forum çərçivəsində təqdim edilən innovativ təşəbbüslər də beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Xüsusilə ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası və Azərbaycanın UN-Habitat ilə gələcək forumların təşkilinə dair əməliyyat təlimatları üzrə əməkdaşlıq niyyəti xüsusi alqışlandı. Bu isə Azərbaycanın gələcəkdə də qlobal şəhərsalma gündəliyinin formalaşmasında daha fəal rol oynayacağından xəbər verir.
Sənəddə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma layihələrinə verilən yüksək qiymət ayrıca diqqət çəkən məqamlardandır. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir urbanizasiya modellərinin qurulması beynəlxalq platformada nümunə kimi təqdim olundu.
Ən vacib məqamlardan biri isə “Sədrin xülasəsi” sənədinin Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədinə və BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrası üzrə aralıq icmal prosesinə töhfə verəcək olmasıdır. Bu isə o deməkdir ki, Bakıda qəbul edilən yanaşmalar və müzakirə olunan təşəbbüslər gələcək qlobal şəhərsalma siyasətinə birbaşa təsir göstərəcək.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Musavat.com-a açıqlamasında bildirib ki, WUF13 Bakıda 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirməklə Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyalarından biri kimi tarixə düşdü:

"COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan forum Bakının qlobal dialoq, çoxtərəfli əməkdaşlıq və beynəlxalq həmrəylik üçün mühüm platformaya çevrildiyini bir daha nümayiş etdirdi.
Forum çərçivəsində şəhər dayanıqlılığı, inklüziv urbanizasiya, iqlimə davamlı inkişaf və münaqişədən sonrakı bərpa kimi məsələlərin geniş müzakirəsi Azərbaycanın beynəlxalq urbanizasiya gündəliyinə verdiyi töhfəni daha da ön plana çıxardı. WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi yüksək beynəlxalq nüfuzunun, çoxtərəfli diplomatiyada artan rolunun və qlobal urbanizasiya proseslərində fəal iştirakının mühüm göstəricisi kimi qiymətləndirilir.
Bakı bir daha müxtəlif regionları, beynəlxalq təşkilatları, hökumətləri, ekspertləri və vətəndaş cəmiyyətini ortaq məqsədlər ətrafında birləşdirən qlobal platforma rolunu uğurla yerinə yetirdi.
Urbanizasiya ilə bağlı çoxşaxəli problemlər mövcuddur və onların həlli yollarının müzakirəsi Bakı Urban Forumun gündəliyini təşkil edir. Təxminən 2.8 milyard insan adekvat mənzil şəraitindən məhrumdur, 300 milyon insan isə evsizdir. UN-Habitat hesab edir ki, 2030-cu ilə qədər qlobal mənzil ehtiyacını qarşılamaq üçün hər gün təxminən 96 min yeni mənzil vahidi tikilməlidir.
Prezident İlham Əliyev öz çıxışında xüsusi vurğuladı ki, WUF13 Azərbaycanın beynəlxalq əməkdaşlıq və qlobal urbanizasiya gündəliyində artan rolunun mühüm göstəricisidir. Bu tədbir COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir və Bakı artıq qlobal dialoq məkanına çevrilib.
Forumun miqyası da Bakının beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. WUF13 çərçivəsində dövlət və hökumət nümayəndələri, şəhərsalma üzrə ekspertlər, beynəlxalq təşkilatlar, investorlar və vətəndaş cəmiyyəti institutları daxil olmaqla on minlərlə iştirakçı bir araya gəldi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın urbanizasiya və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərə də toxunaraq qeyd etdi ki, “Azərbaycan hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.” Bakı isə tarixi irslə müasir inkişafın vəhdətini nümayiş etdirən şəhərlərdən biridir.
Prezident Ilham Əliyevin həyata keçirdiyi dövlət başçısı diplomatiyası Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin güclənməsində, çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsində və qlobal təşəbbüslərdə fəal iştirakının təmin olunmasında mühüm rol oynayır. Bu diplomatik xətt Azərbaycanın yalnız regional deyil, həm də qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirib".
Millət vəkili bildirib ki, digər çox mühüm bir məqam Forum iştirakçılarına təqdim olunan Azərbaycan tərcrübəsi oldu: "Azərbaycanın postmünaqişə bərpa modeli sosial reinteqrasiya, təhlükəsizlik, iqtisadi canlanma və mədəni irsin qorunmasını vahid yanaşma çərçivəsində birləşdirir. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 5 il ərzində 40 yaşayış məntəqəsinin bərpası və 85 min insanın orada yaşaması uğurlu bir nümunədir. Nəhəng infrastruktur layihələri həyata keçirilir, 435 körpü istifadəyə verilib, daha 65-nin tikintisi planlaşıdırlıb. Çəkilən tunellərin uzunluğu 70 km-dir. Bu təcrübə göstərir ki, postmünaqişə zonaları yalnız əvvəlki vəziyyətə qaytarılmamalı, eyni zamanda innovativ yanaşmalar vasitəsilə daha dayanıqlı, inklüziv və müasir yaşayış məkanlarına çevrilə bilər. Azərbaycanın bu sahədə formalaşdırdığı yanaşma beynəlxalq urbanizasiya və postmünaqişə bərpası müzakirələrinə mühüm töhfə kimi qiymətləndirilir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan infrastrukturun bir qisminin dual xarakterli olması, yəni mülki olmaqla yanaşı, ölkəmizin ümumi təhlükəsizlik və müdafiə arxitekturasının tərkib hissəsinə çevrilməsi çox önəmli faktordur. Son 6 ildə dövlət büdcəsindən bu məqsədlə 26 milyard manata yaxın vəsait ayrılıb.
Bu gün dünyada 120 milyon insan qaçqın vəziyyətindədir və onların da 60%-i şəhərlərdə məskunlaşıb. Dünyada mövcud olan ən azı 50 münaqişə ocağı məskunlaşma və şəhərsalma üçün ciddi təhdid mənbələrindən olaraq qalmaqdadır".
R. Nəbiyev bildirir ki, Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırışı” isə dayanıqlı, inklüziv və insan mərkəzli şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha ön plana çıxardı:
"Sənəddə şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması, sosial bərabərliyin təşviqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və heç kimin kənarda qalmadığı urbanizasiya modelinin formalaşdırılması əsas prioritetlər kimi müəyyən edildi. “Bakı Fəaliyyətə Çağırışı” həmçinin vurğulayır ki, gələcəyin şəhərləri yalnız müasir infrastruktur üzərində deyil, eyni zamanda sosial həmrəylik, inklüziv idarəetmə, qadınların və gənclərin qərarvermədə fəal iştirakı, eləcə də yerli icmaların gücləndirilməsi əsasında qurulmalıdır. Bu baxımdan sənəd Bakı Forumunun yalnız qlobal müzakirə platforması deyil, həm də konkret fəaliyyət çağırışları irəli sürən strateji beynəlxalq təşəbbüs olduğunu nümayiş etdirdi".
Şahanə Rəhimli,
Musavat.com