AZ

WUF13-ün yaratdığı rezonans ölkəmizin imicinə uzunmüddətli təsirlər göstərəcək - Ekspert

Bakı, 22 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi təsadüfi seçim deyil. Nəzərə almaq lazımdır ki, bu cür beynəlxalq tədbirlərin təşkili yüksək idarəetmə bacarığına, təhlükəsizlik təminatına, geniş logistika və kommunikasiya imkanlarına malik olan, eyni zamanda, beynəlxalq müstəvidə etibar qazanmış dövlətlərə həvalə edilir. Azərbaycanın son illərdə ardıcıl şəkildə qlobal tədbirlərə uğurlu ev sahibliyi etməsi, fərqli qütbləri eyni masa arxasında toplayıb qlobal çağırışların müzakirəsini keçirə bilməsi ölkəmizin beynəlxalq nüfuzunun və kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə artdığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, 182 ölkədən 40 mindən çox iştirakçının, siyasətçinin, ekspertin, beynəlxalq təşkilat rəhbərinin, jurnalistin və urbanizasiya mütəxəssislərinin WUF13 üzrə qeydiyyatdan keçərək Bakıya gəlməsi ölkəmizin beynəlxalq imicinə ciddi təsir göstərir. Xarici qonaqlar Azərbaycanın müasir nəqliyyat infrastrukturu, təhlükəsizlik mühiti, rəqəmsal idarəetmə imkanları, urban inkişaf modeli və multikultural cəmiyyəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə ölkəmiz haqqında daha obyektiv və realist təsəvvürün yaranmasına şərait yaradır.

“Diqqət çəkən məqamlardan biri də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi bərpa-quruculuq layihələrini WUF13 çərçivəsində beynəlxalq auditoriyaya təqdim etməsidir. Bu regionlarda gerçəkləşdirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, ekoloji şəhərsalma modelləri, rəqəmsal idarəetmə mexanizmləri artıq beynəlxalq urbanizasiya gündəliyinin aktual nümunələri sırasında görünür. Bu baxımdan, WUF13 yalnız şəhərsalma forumu deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının beynəlxalq təqdimat platforması rolunu oynayır”, - deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, WUF13 ölkəmizə əlavə investisiya axını gətirmək, turizm, xidmət, nəqliyyat, hotelçilik, o cümlədən vətəndaş cəmiyyəti sektorunda aktivliyi artırmaq baxımından da əhəmiyyətlidir. Qeyd edilən istiqamətlər üzrə milli subyektlərə beynəlxalq tərəfdaşlarla əlaqə qurmaq, yeni əməkdaşlıq imkanları əldə etmək imkanı qazandırdı. Yəni, bu tədbirin effekti qısamüddətli gəlirlərlə məhdudlaşmır, onun yaratdığı rezonans ölkəmizin reputasiyasına uzunmüddətli təsirlər göstərəcək. Qısa desək, dövlətlərin beynəlxalq nüfuz uğrunda “imic diplomatiyası”ndan istifadə etdiyi müasir rəqabət dövründə COP29, WUF13 kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi Azərbaycana strateji üstünlük qazandırır.

WUF13-ə uğurlu formada təşkil etməklə Azərbaycan bir daha nümayiş etdirdi ki, o, təkcə regional aktor deyil, həm də qlobal məsələlərin müzakirəsində iştirak etməyə, beynəlxalq əməkdaşlıq platforması rolunu oynamağa qadir olan dövlətdir. Mötəbər tədbir Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, “yumşaq güc” imkanlarını genişləndirən, qlobal əməkdaşlıq platformalarında daha qabarıq görünməsinə təsir edən hadisə kimi qiymətləndirilə bilər.

Seçilən
14
1
azertag.az

2Mənbələr