AZ

Şəbəkə pəncərələri və arı mumu

ain.az, 525.az saytına istinadən bildirir.

Rəvanə ƏZİZOVA

"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun bələdçisi

Təbiətlə insan dünyası arasında elə müştərək cəhətlər var ki, onlar yalnız gözlə yox, həm də qəlblə "görünür". Belə oxşarlıqlardan biri də arı mumu ilə şəbəkə pəncərələri arasındakı dərin məna və əlaqədir. Söhbət təkcə xarici forma və daxili strukturdan getmir. Burada enerji, qida və işığın, şüaların insanın fiziki və ruh həyatına təsir etməsindən söhbət gedir.

Riyaziyyatçı alimlər sübut ediblər ki, ən az mum işlədib ən çox bal yuvacığı yaratmaq yalnız altıbucaq formalı şan düzəltməklə mümkündür. Arılar şanı çərçivənin müxtəlif künclərindən hörərək, hüceyrələri bir-birinə elə ustalıqla birləşdirirlər ki, hətta bir millimetr də boş sahə qalmır. Şanlar adətən yüksək dəqiqliklə hörülür.

Təbiətlə insan zəkası arasında yaradıcı əlaqə

Şəbəkə sənətinə gəldikdə isə ustaların dili ilə ifadə etsək, şəbəkə konstruksiyalarını yığmaq təkcə peşəkarlıq məsələsi deyil. Bu sənət həm də həndəsə, riyaziyyat və rəsmxət bilikləri və vərdişləri tələb edir. Çünki işləyərkən cəmi bircə millimetr səhv də bütün kompozisiyanı poza bilər. Usta diqqətini itirəndə naxış da ahəngini itirir. Şəbəkədə ən çox zəhmət və səbir tələb edən mərhələ rəngli şüşələrin kəsilib uyğun ölçülərlə yerinə yerləşdirilməsidir. Bu həm vaxt alır, həm də diqqət və yüksək dəqiqlik tələb edir.

Düşünürəm ki, bu, təbiətlə insanın zəkası arasında yaradıcı bir əlaqədir. Şəbəkə pəncərələri də günəş işığını otaqlara yayaraq oraya sanki nur, istilik və həyat gətirir. Hər iki quruluş - biri təbiətin, digəri isə insan əllərinin məhsulu olsa da, birlikdə həyatın enerjisini daşıyır və bizə müsbət enerji ötürür. İncə dəqiqlik tələb edən bu proseslər mənəvi cəhətdən böyük səbir, fiziki cəhətdən təcrübə və diqqət istəyir. Bütöv vəhdət yaratmaq üçün hər bir detal önəmlidir. Bu da göstərir ki, həm təbiətdə, həm də insan əllərində ən kiçik ölçülərə qədər diqqət mədəniyyət və sənətin əsasını təşkil edir.

Antioksidant, vitamin, mineral və təbii enerji mənbəyi

Arılar bir çiçəkdən digərinə uçaraq nektar toplayırlar. Bu nektar arı mədəsində kimyəvi dəyişikliklərin təsirindən bala çevrilir. Bal sadəcə dadlı, şirin məhsul deyil. Bal antioksidant, vitamin, mineral və təbii enerji mənbəyidir. Balın tərkibində "B" qrupu vitaminləri, "C" vitamini və müxtəlif faydalı fermentlər mövcuddur. Buna görə də arı mumu təkcə balı saxlamaq üçün "anbar" deyil, həm də "həyatverici", "canlandırıcı" maddələrin yuvasıdır.

Digər tərəfdən, şəbəkə pəncərələri vasitəsilə günəş şüaları otağa əks olunduqda, həmin işıq sanki bir təbii enerji dalğası kimi içəri daxil olur. Günəş işığı bitkilər üçün fotosintezin başlanğıcı, insan üçün "D" vitamini, ruh üçün ümid və sükunət deməkdir. Beləliklə, bal necə ki fiziki-cismi olaraq faydalıdır, işıq da həm ruhun, həm də cismin ehtiyacı olan bir nemətdir. Hər iki halda enerji ötürülür: biri qida ilə, digəri işıqla.

"Qurani-Kərim"də arıların adı necə çəkilir?

"Qurani-Kərim"də arı haqqında xüsusi bir surə var: "Nəhl" surəsi. "Nəhl" ərəb dilində "arı" deməkdir. Bu surədə Allah arını və onun necə bal hazırladığını belə təsvir edir: "Rəbbin bal arısına vəhy etdi: Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə özünə yuvalar düzəlt. Sonra hər növ meyvədən ye və Rəbbinin sənə göstərdiyi yollarla rahatca get! Onların qarınlarından müxtəlif rəngli bir içki (bal) çıxır. Onda insanlar üçün şəfa vardır" ("Nəhl" surəsi, 68-69-cu ayələr).

Bu ayələr göstərir ki, arının fəaliyyəti ilahi vəhylə tənzimlənir və onun "istehsal" etdiyi bal insan üçün şəfa və bərəkətdir. 

Mədəni irs və estetik anlayış

Bu müqayisənin maraqlı tərəflərindən biri də onun mədəniyyət və turizm sahəsində özünü göstərməsidir. Öz təcrübəmdən deyə bilərəm ki, turistlərin əksəriyyəti, xüsusilə Şəki Xan sarayında məhz şəbəkə pəncərələrinə heyran qalırlar. Saraya daxil olduqları ilk andan etibarən, ziyarətçilərin diqqətini interyerin ayrılmaz hissəsi olan bu pəncərələr çəkir. Günəş şüalarının rəngli şüşələrdən keçərək otaqlara rəngli naxışlar salması estetikanın və funksionallığın birləşdiyi nadir nümunədir. Bu da sübut edir ki, şəbəkə pəncərələri təkcə işıq mənbəyi deyil, həm də kulturoloji və emosional təsir gücünə malik bir sənət əsəridir. Həm şəbəkə pəncərəsi, həm də arı mumu bir struktur olaraq nizamlı, qəlibli, simmetrik quruluşa malikdir. Amma onların içindən keçən maddə və enerji eləcə də həyatın özüdür. 

Sonda belə bir qənaətə gəlmək olar ki, bal fizioloji, işıq isə ruhani baxımdan qidadır. Hər iki element fərqli sahələrdə olsa da, insan həyatına fayda və estetik gözəllik gətirir. "Qurani-Kərim"də arı və onun fəaliyyəti barədə verilən təsvirlər təbiətin və onun nizamlı sistemlərinin böyük hikmətini bizə çatdırır. Şəbəkə pəncərələri isə bu təbiətdən ilham alaraq yaradılan və insan zövqünü oxşayan mühəndislik və sənət nümunəsidir. Bu bənzətmələr bizə bir daha onu sübut edir ki, həyatın həm bədən, həm də ruh üçün qidalanması incə və mürəkkəb quruluşlar vasitəsilə həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
525.az

1Mənbələr