AZ

ABŞ və İsrailin İranla bağlı gözlənilməz planı - VİDEO

Üç gün əvvəl ABŞ-nin nüfuzlu "Nyu-York Tayms" qəzeti bütün dünyada geniş diqqət çəkən, o cümlədən İranın daxilində də qızğın müzakirələr doğuran bir məqalə dərc edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Yazıda mötəbər mənbələrə istinadla iddia olunur ki, bu il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilkin məqsədi İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı hakimiyyətə gətirmək olub. Məqalənin müəllifləri arasında İran mövzusu üzrə ixtisaslaşmış Fərnaz Fəsihi və İsrail xüsusi xidmətlərində geniş əlaqələrə malik olduğu deyilən Ronen Berqman kimi məşhur jurnalistlərin olması ona geniş reaksiyaları şərtləndirən amillərdən birinə çevrilib.

Yazıda müharibənin ilk günündə İranın ali rəhbərinin və bir çox digər yüksək rütbəli şəxslərin hava zərbələri nəticəsində öldürülməsinin ardınca Donald Trampın verdiyi belə bir açıqlama xatırlanır ki, İranda hakimiyyətə daxildən kiminsə yiyələnməsi daha yaxşı olardı.

Qeyd edək ki, həmin vaxt İranın özündə də bu açıqlamada nəzərdə tutula biləcək şəxslərlə bağlı müəyyən fikirlər irəli sürülmüş, o cümlədən Qərblə dialoqun tərəfdarı olan keçmiş prezident Həsən Ruhaninin adı çəkilmişdi. Amma indi aydın olur ki, ABŞ və İsrailin İranla bağlı planında hansısa nüfuzlu islahatçı siyasi fiqur deyil, gözlənilməz bir şəkildə ABŞ və İsrail əleyhinə qəti mövqeyi ilə tanınan radikal mühafizəkar şəxs yer alıbmış. Həmin planla tanış olan ABŞ məmurları məqalə müəlliflərinə bildiriblər ki, İsrailin hazırladığı bu ssenari Əhmədinejadın özü ilə də razılaşdırılıbmış, lakin hadisələrin gedişi onun qısa zamanda uğursuzluğa düçar olmasına səbəb olub. Yazıda bildirildiyinə görə, müharibənin ilk günündə Əhmədinejadın Tehrandakı evinə endirilən zərbələr onu məruz qaldığı ev dustaqlığından və SEPAH hərbçilərinin nəzarətindən xilas etmək məqsədi daşıyıb. Lakin bu zaman mühafizəçilərin bir qismi öldürülməklə yanaşı, Əhmədinejadın özü də yaralanıb və sonrakı günlərdə o, rejimin bu şəkildə dəyişdirilməsinə ümidini itirib.

Qeyd edək ki, həmin vaxt Əhmədinejadın öldürüldüyü barədə məlumat yayılsa da, sonradan bu xəbər təsdiqini tapmadı. Amma o vaxtdan bəri keçmiş prezidentin harada və hansı vəziyyətdə olduğu məlum deyil. Bütün bu müddət ərzində Əhmədinejad İranda yalnız bir dəfə - ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin ölümü ilə əlaqədar verdiyi başsağlığı ilə gündəmə gəlib.

 

Seçilən
8
2
moderator.az

3Mənbələr