“Axios” nəşrinin məlumatına görə, ABŞ lideri Donald Tramp yeni sülh təşəbbüsünü İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığında müzakirə edib. Mənbələrin sözlərinə görə, hazırda vasitəçilər ABŞ və İran arasında müharibənin formal şəkildə başa çatdırılması və 30 günlük danışıqlar mərhələsinin başlanması üçün “niyyət məktubu” üzərində işləyirlər. Bununla belə, Netanyahu danışıqlara mənfi yanaşır və İranın hərbi imkanlarının zəiflədilməsi üçün əməliyyatların bərpasını istəyir. Tramp ilə söhbətdən sonra Netanyahu “şok vəziyyətində olub”. O da öz növbəsində Netanyahunun "İran məsələsində Amerika prezidentinin istədiyini edəcəyini" bildirib və əlavə edib ki, onların arasında yaxşı münasibətlər var.

Xatırladaq ki, İran may ayının əvvəlində 14 maddədən ibarət atəşkəs planı təqdim etmişdi. Həmin planda hücum edilməməsi ilə bağlı təminatlar, İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması və dondurulmuş aktivlərin açılması kimi məsələlər yer almışdı. Daha sonra ABŞ da sülh danışıqlarının bərpası üçün İrana beş tələb irəli sürüb.
Netanyahu Trampla İran üstündə faktiki olaraq mübahisə edir. Yəhudi baş nazirin növbəti müharibənin başlanmasında israr etməsinin səbəbi nədir?
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a deyib ki, ABŞ və İsrailin İran məsələsinə yanaşması bir-birindən fərqlənir: "İsrail İranı öz varlığı üçün ekzistensional təhlükə olaraq görür. İranın dini hakimiyyətinin məhv ediləcəyi, ümumilikdə regionda, o cümlədən İsrailə qarşı təhlükə törədə bilməyəcəyi, öz daxili mübarizəsinə sürüklənəcəyi uzunmüddətli müharibəyə cəlb olunması İsrailin arzusudur. Lakin bu, ABŞ-nin regional maraqlarına müəyyən dərəcədə uyğun gəlmir. İranın Hörmüz Boğazında təsir imkanları, nüvə potensialı, qonşuları (ABŞ-ın regiondakı müttəfiqləri) ilə təsis etdiyi münasibətlər, Rusiya və Çin faktoru ABŞ-ı Yaxın Şərq regionunda uzun müddətli müharibədə itirəcəklərini ölçüb-biçməyə vadar edir. Başqa sözlə, ABŞ-da bir sıra siyasi dairələr İranla sülh və məhdud əməkdaşlıq formatından daha çox fayda əldə edə biləcəklərini düşünür”.

Onun fikrincə, elə buna görə Konqresdə prezidentin müharibə ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırılması məsələsini qaldırıblar: “Altı həftədir davam edən danışıqlar isə tərəflər arasındakı boşluğu gedərək azaldır. Əsas razılaşdırılmalı olan iki məsələ var: Hörmüz boğazının statusu və İranın nüvə proqramı. Birinci məsələ ilə bağlı qeyd edim ki, hazırkı vəziyyət Hörmüz boğazında ABŞ və İran arasında yeni əməkdaşlığa imkan yaradır. Məsələn, bu müharibədən öncə İran Hörmüz boğazından keçid üçün rüsum almırdı. Amma artıq İranla ikitərəfli razılığı olmayan dövlətlərdən hər keçid üçün 150 min dollar (ən son məlumatlara görə) keçid haqqı alınır. Müqayisə üçün, Türkiyə tankerlərin Bosfor və Dardanel boğazlarından keçidindən hər ton üçün təqribi 6 dollar rüsum alır. Başqa sözlə, ABŞ İranın Hörmüz üzərində suverenliyini tanıyarsa, burada müəyyən ikitərəfli razılaşmalar üçün də qapı açılar. Bu, hər iki tərəf üçün uduş vəziyyəti yaradar".
Ekspert bildirib ki, İranın kompensasiya tələbi də burada qarşılana bilər: "ABŞ İranla müharibəsinin xərcini dünyanın üzərinə yükləmiş ola bilər. Amma sülhün əldə olunması baxımından bu, olduqca strateji bir məqamdır. Nüvə məsələsinə gəlincə isə, ABŞ İrana mərhələli həll təklifi edir - ilkin olaraq qarşılıqlı şəkildə blokadanın aradan qaldırılması, daha sonra nüvə danışıqlarının aparılması. İran isə prinsipial məsələlər razılaşdırılmadan əldə olunacaq atəşkəsin qalıcı olmayacağını düşünərək bütün cəbhələrdə atəşkəs tələbində israr edir. Görünən odur ki, tərəflər razılığa gələrsə, bu, Hörmüz boğazı da daxil olmaqla region üçün tamamilə yeni reallıqların formalaşması ilə nəticələnəcək. Lakin belə bir şəraitdə İsrailin genişlənmə maraqları nəzərə alınmayacağı üçün İsrail müharibənin uzadılmasında israrlıdır".
Cavanşir Abbaslı
Musavat.com