Misli Premyer Liqasında sonuncu pillədə qərarlaşmış “Karvan-Yevlax” yeni mövsümdən I Liqada mübarizə aparacaq. Klubun bu mövsüm ilk baş məşqçisi Azər Haşımov idi. Yevlax təmsilçisinin sabiq çalışdırıcısı Sportal.az saytına müsahibəsində klubun liqanı tərk etməsi haqda danışıb.
- “Karvan-Yevlax"ın Premyer Liqadan düşməsini nə ilə əlaqələndirirsiniz?
- “Karvan-Yevlax”ın Premyer Liqadan düşməsini yalnız nəticələrlə qiymətləndirmək düzgün olmaz. Mövsüm boyu komanda çox ağır və qeyri-stabil şəraitdə fəaliyyət göstərdi. Premyer Liqa səviyyəsində bu cür problemlər nəticələrə birbaşa təsir edir.
- Ümumiyyətlə, heyəti yığanda liqada qalacağınıza inanırdınız? Yəni rəqabətə dayanıqlı heyət yığdığınızdan əmin idiniz?
- Heyət qurularkən əsas məqsədimiz Premyer Liqada qalmaq idi və mən komandaya inanırdım. Amma reallıq ondan ibarət idi ki, mövsümün ilk hissəsində normal futbol şəraitindən uzaq idik. Yevlax stadionunda ot örtüyü dəyişdirildiyi üçün ev oyunlarımızı doğma meydanda keçirə bilmirdik və ümumilikdə 7 oyunumuzu Şamaxıda oynadıq.
Bu oyunların 5-nə isə komanda məhz oyun günü yollanırdı. Yevlaxdan Şamaxıya təxminən 180 km yol qət edirdik və bu səfər 2 saat 50 dəqiqə çəkirdi. Yəni komanda həm səfər stressi yaşayırdı, həm də nominal ev oyunlarını doğma azarkeşlərindən uzaqda keçirirdi. Bu isə peşəkar futbol üçün çox ağır şərtlərdir. Belə vəziyyətdə nə normal məşq prosesi qurmaq olurdu, nə də futbolçuları tam hazır vəziyyətdə oyuna çıxarmaq mümkün idi. Buna baxmayaraq, mənim rəhbərliyim altında komanda 12 oyunda 5 xal topladı və mən hesab edirəm ki, həmin şərtlər daxilində bu nəticəyə obyektiv yanaşmaq lazımdır.
- Baş məşqçi dəyişikliyi komandaya nə dərəcədə təsir etdi səncə? Qalası olsaydınız, komanda Premyer Liqadakı yerini qoruyacaqdı?
- Baş məşqçi dəyişikliyi ilə bağlı onu düşünürəm ki, məsələyə obyektiv baxmaq lazımdır. Çünki həmin dövrdə problem yalnız məşqçi ilə bağlı deyildi. Mənim işlədiyim müddətdə komandanın nə stabil məşq meydançası var idi, nə də normal logistika şəraiti yaradılmışdı.
Ən vacib məqamlardan biri də odur ki, mən komandadan ayrılana qədər cəmi bir dəfə doğma meydanda — Yevlaxda ev oyun keçirmişdik. Yəni komanda məhz normal şəraitə uyğunlaşmağa başladığı dönəmdə ayrıldım. Məndən sonra isə komandaya daha peşəkar şərait yaradıldı. Həm ev oyunları artıq Yevlaxda keçirildi, həm də səfər oyunlarına komanda bir gün əvvəldən gedirdi.
Buna baxmayaraq, məndən sonra komanda 20 oyunda 9 xal topladı. Bu statistika göstərir ki, məsələ yalnız baş məşqçi ilə bağlı deyildi. Mən özümü bacarıqsız məşqçi hesab etmirəm. Əksinə, düşünürəm ki, həmin ağır şərtlər altında topladığımız 5 xal mübarizənin və görülən işin göstəricisi idi.
- “Karvan-Yevlax"ın yenidən Premyer Liqaya geri dönəcəyinə inanırsınız? Onlar Füzuli Məmmədovu saxlayaraq, geri qayıtmaq istəyirlər..
- “Karvan-Yevlax” böyük futbol ənənəsi olan klubdur və mən inanıram ki, gələcəkdə yenidən Premyer Liqaya qayıda bilər. Bunun üçün klub daxilində stabillik, düzgün planlama və peşəkar yanaşma vacibdir.
- Özünüz hansısa klublardan təkliflər almısınız? Yeni mövsümdən size hansısa klubda görəcəyik?
- Özümə gəlincə, bəli, müəyyən təkliflər olub və danışıqlar davam edir. Amma mən sırf işləmək xatirinə hər hansı klubda çalışmağı düşünmürəm. Mənim üçün əsas məsələ planlı, layihəli və peşəkar yanaşmanın olmasıdır. Futbola baxış bucağı mənim fikirlərimlə üst-üstə düşən, inkişafı düşünən rəhbərlərlə işləmək istəyirəm. İnanıram ki, düzgün layihə və normal şərait olan yerdə məşqçi olaraq daha yaxşı nəticələr vermək mümkündür.
Mirbağırağa
saytlarin hazirlanmasi