AZ

Kremldən Çinə qarşı hind “gedişi” – Putin Modi ilə niyə 2 dəfə görüşəcək?

“Rusiya Çinlə strateji münasibətləri inkişaf etdirməklə yanaşı, Pekinin bölgədəki əsas rəqibi Hindistanla da münasibətləri üst səviyyədə saxlamağa çalışır. Belə ki, 2026-cı ildə prezident Vladimir Putin iki dəfə Hindistanın baş naziri Nerandra Modi ilə görüşəcək”.

Elxan

Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Putinin Modiyə niyə xüsusi önəm verməsini belə izah edib: “Birinci görüş BRİCS təşkilatının sentyabrın 13-14-də Yeni Dehlidə keçiriləcək sammiti çərçivəsində baş tutacaq. İkinci görüş isə Moskvada olacaq. Narendra Modi bu ilin sonuna qədər Rusiyaya rəsmi səfər edəcək. O, sonuncu dəfə Rusiyada 2014-cü ildə olub.

Bir neçə gün əvvəl BRİCS təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Yeni Dehlidə görüşü olub. Görüşdə iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindli həmkarı Subrahmanyam Jaishankarla ikitərəfli əlaqələri müzakirə edib. Lavrovun sözlərinə görə, iqtisadi əlaqələrdə irəliləyiş var. Bu irəliləmə Hindistanın Rusiyadan neft idxalı ilə bağlıdır. Moskva Hindistanla 2030-cü ilə qədər iqtisadi əlaqələrin həcmini 100 milyard dollara çatdırmağı planlaşdırır. Yeni Dehlinin Moskva ilə təmaslarına baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə və iqtisadi əlaqələrdə şaxələndirməyə üstünlük verir. Yeni Dehli Brüssellə azad ticarətə dair saziş imzalayıb”.

Politoloq qeyd edib ki, Hindistan üçün indi əsas bazar Avropadır: “Lakin digər tərəfdən Hindistan uzun illərdir Rusiya ilə hərb-texniki sahədə əməkdaşlığa üstünlük versə də, son illər ABŞ və Avropa istehsalı olan hərbi texnika idxal edir. Hindistan neftin alışında da yalnız bir ölkəyə üstünlük vermir. Doğrudur, Hindistan üçün ucuz Rusiya nefti cəlbedicidir, ancaq Hindistanın neftayırma zavodları ABŞ-ın sanksilalarla da hesablaşır.

Trampın Rusiya nefti ilə bağlı son qərarı Hindistanın neftayırma zavodlarının işini bir qədər asanlaşdırıb. ABŞ İrana qarşı müharibəyə başladıqdan və “Hörmüz boğazı” qapandıqdan sonra dünyada neftə tələbat artıb, qiymətlər qalxıb. Tramp bunun qarşısını almaq üçün Rusiya neftinin ixracına tətbiq etdiyi sanksiyaları dondurub.

Bu arada “Röyters” agentliyinin məlumatına görə, Rusiya və Hindistan nadir torpaq elementlərinin kəşfiyyatı və istehsalı ilə bağlı danışıqlar aparırlar. Agentlik müvafiq sazişin gələcək aylarda imzalana biləcəyini yazıb. Məsələ burasındadır ki, Hindistan nadir torpaq elementlərinin idxalıyla bağlı Çindən asılılığını azaltmaq istəyir. Hindistan Argentina, Yaponiya və Avstraliya ilə oxşar sazişləri var”.

Xalidə Gəray,
Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr