AZ

Xalqımızın istiqlal salnaməsi

 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün çoxəsrlik dövlətçilik ənənələrini bərpa etmiş, milli azadlıq və müstəqillik arzularını gerçəkləşdirmişdir. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan bütün dünyaya müstəqil dövlət olduğunu bəyan etmiş, Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi respublikanın əsasını qoymuşdur. Bu əlamətdar tarix hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli oyanışının, azadlıq uğrunda mübarizəsinin və siyasi iradəsinin nəticəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlətçilik ənənələri formalaşdırmağa nail olmuşdur. Yeni yaradılmış hökumət demokratik idarəçilik prinsiplərinə əsaslanaraq parlamentli respublika modeli qurmuş, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirmişdir. İlk dəfə olaraq qadınlara seçki hüququ verilmiş, bütün vətəndaşların hüquq bərabərliyi təmin edilmişdir. Bu, həmin dövr üçün təkcə regionda deyil, dünyanın bir çox ölkələrində belə nadir demokratik addımlardan biri idi.

Azərbaycan Xalq Cümhuriyyəti milli təhsil sisteminin qurulmasına da böyük önəm vermişdir. 1918-ci ildə qəbul edilən qərarlara əsasən məktəblərdə tədrisin ana dilində aparılmasına başlanılmış, milli maarifçilik siyasəti həyata keçirilmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə ölkədə ali təhsilin inkişafı baxımından mühüm hadisə olmuşdur. Bu addım milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış ən böyük addımlardan biri kimi tarixə düşmüşdür.

Cümhuriyyət dövründə hüquq və ədliyyə sisteminin formalaşdırılması istiqamətində də ciddi işlər görülmüşdür. 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyinin yaradılması dövlət quruculuğunun mühüm göstəricilərindən biri idi. Sonrakı dövrdə məhkəmə orqanlarının fəaliyyəti tənzimlənmiş, hüquqi dövlət prinsiplərinin tətbiqinə başlanılmışdır. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövlətçilik ənənələrinin əsasını qoyduğunu göstərir.

Lakin mürəkkəb beynəlxalq və daxili siyasi vəziyyət Azərbaycan Xalq Cümhuriyyətinin uzunömürlü olmasına imkan vermədi. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etsə də, onun ideyaları xalqın yaddaşında yaşayaraq gələcək müstəqilliyin əsasını təşkil etdi. Azərbaycan xalqı heç zaman azadlıq ideallarından vaz keçmədi və uzun illərdən sonra yenidən dövlət müstəqilliyinə qovuşdu.

Tarix göstərir ki, hər bir xalq üçün azadlıq və müstəqillik əldə etmək böyük qəhrəmanlıq tələb etdiyi kimi, onu qorumaq daha böyük siyasi iradə, milli birlik və güclü dövlətçilik ənənələri tələb edir. Azərbaycan xalqı da bu çətin yolu keçərək öz dövlət müstəqilliyini qoruyub möhkəmləndirməyi bacarmışdır. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ciddi təhlükələrlə üzləşdi. Həmin çətin dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və müstəqilliyimizin əbədi olması üçün möhkəm təməl yaradıldı. Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” fikri dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən birinə çevrildi: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”. Ümummilli Lider Heydər Əliyevin bu fikri hər bir azərbaycanlı üçün mühüm mesajdır: müstəqillik yalnız əldə edilən siyasi status deyil, həm də daim qorunmalı olan milli sərvət və tarixi məsuliyyətdir.

Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edən, beynəlxalq aləmdə nüfuzu artan güclü dövlətə çevrilmişdir. Demokratik idarəçilik prinsipləri, iqtisadi inkişaf, sosial rifah və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunmuşdur. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, tarixinin ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında çıxışında qeyd etdiyi kimi: “107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi”. Bu fikir Azərbaycan xalqının tarix qarşısındakı böyük xidmətini bir daha təsdiqləyir. Bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun dövlətçilik ənənələrini yaşadır və inkişaf etdirir.

Müstəqil Azərbaycan artıq regionun lider dövlətlərindən biridir. Ölkəmiz beynəlxalq layihələrdə fəal iştirak edir, qlobal enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşlarından biri kimi çıxış edir. Azərbaycanın daxili və xarici siyasəti yalnız milli maraqlara əsaslanır və dövlətimiz öz müstəqil siyasətini qətiyyətlə davam etdirir.

28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli birliyinin və dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları bu gün müstəqil və qüdrətli Azərbaycan Respublikasında yaşayır. Xalqımız öz tarixi köklərinə, milli dəyərlərinə və dövlətçilik ənənələrinə sadiq qalaraq daha böyük uğurlara doğru inamla irəliləyir.

Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Seçilən
19
4
adalet.az

5Mənbələr