AZ

3 məhkəmə hakiminə 13 min ödəniləcək – MƏHKƏMƏ QƏRARI  

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Polşaya qarşı mühüm qərar qəbul edib. Məhkəmə “Sobçınska və digərləri Polşaya qarşı” işi üzrə yekdilliklə qərara gəlib ki, 2008-ci ildə Polşa prezidentinin üç hakim namizədinin təyinatından səbəb göstərmədən imtina etməsi və həmin qərarın məhkəmə nəzarətindən kənarda qalması Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təmin edilən məhkəməyə çıxış hüququnun pozulmasına səbəb olub.

Musavat.com xəbər verir ki, söhbət Aleksandra Sobçınska, Adrian Klepaç və Rafal Brukyeviçdən gedir. Onlar hakim vəzifələrinə seçilmək üçün bütün qanuni prosedurlardan keçmiş, Polşanın Milli Məhkəmə Şurasının müsbət rəyini almış və prezidentə təyinat üçün təqdim olunmuşdular. Lakin o dövrdə prezident olan Lex Kaçinski onların hakim təyin edilməsindən imtina edib və bu qərarın səbəblərini açıqlamayıb. Üstəlik, namizədlərə həmin qərardan məhkəmə qaydasında şikayət vermək imkanı da yaradılmayıb. Strasburq məhkəməsi hesab edib ki, namizədlərin vəzifəyə təyin olunacaqlarına dair qanuni və əsaslı gözləntiləri olub və onların namizədliklərinə şəffaf, obyektiv və özbaşınalıqdan uzaq şəkildə baxılmalı idi. Məhkəmə vurğulayıb ki, qərarın əsaslandırılmaması və məhkəmə nəzarətinin olmaması ərizəçiləri mümkün özbaşınalıqdan qorumaq üçün zəruri hüquqi təminatlardan məhrum edib.  Məhkəmə qəbul edib ki, Polşa qanunvericiliyi insanlara özbaşına hakim olmaq hüququ vermir. Heç kəs sadəcə arzusuna görə hakim təyin olunmasını tələb edə bilməz. Lakin məsələ başqa yerdə idi. Polşa Konstitusiyası bütün vətəndaşlara dövlət qulluğuna bərabər çıxış hüququ verir. Bu hüquq o deməkdir ki, vəzifəyə qəbul prosesi şəffaf, obyektiv və özbaşınalıqdan uzaq olmalıdır. Məhkəmə vurğulayıb ki, namizədlər bütün qanuni prosedurları keçiblər. Onlar peşəkar qiymətləndirmədən uğurla çıxıb, müvafiq qurumların təsdiqini almaqla prezidentə təqdim olunublar.

Belə şəraitdə onların namizədliklərinin ədalətli şəkildə qiymətləndiriləcəyinə dair qanuni və əsaslı gözləntiləri yaranıb. AİHM qərarında xüsusilə sərt ifadələrdən istifadə edib. Məhkəmə qeyd edib ki, namizədlər prezidentin niyə belə qərar verdiyini bilmədiklərinə görə qərarın arxasında özbaşınalıq elementinin mövcudluğundan şübhələnməkdə haqlı idilər. Başqa sözlə, dövlət vətəndaşa səbəb göstərmədən “yox” deyirsə və həmin qərarı yoxlatdırmaq imkanı vermirsə, hüquqi dövlət prinsipi təhlükə altına düşür. Məhkəmə hətta ehtimal kimi qəbul edib ki, prezident müəyyən hallarda namizədliklərin yenidən araşdırılmasını tələb edə bilər. Lakin bunun üçün hüquqi əsaslandırma təqdim edilməli və qərar şəffaf şəkildə izah olunmalıdır. Bu işdə isə belə bir mexanizm ümumiyyətlə mövcud olmayıb. AHİM-in bu qərarının əhəmiyyəti yalnız Polşa ilə məhdudlaşmır. Bu qərar Avropada hakimlərin seçilməsi və təyin olunması proseslərinə dair mühüm presedentlərdən biri hesab oluna bilər. Çünki məhkəmə bir daha xatırladıb ki, dövlət başçısının səlahiyyətləri geniş olsa da, onlar qeyri-məhdud deyil. Məhkəmə hakimiyyətinin formalaşdırılması prosesində şəffaflıq və hesabatlılıq prinsipləri qorunmalıdır. Əks halda hüquq sistemi siyasi iradənin alətinə çevrilə bilər. AİHM-in qərarına əsasən, Polşa hər üç ərizəçiyə mənəvi zərərə görə 13 min avro təzminat ödəməlidir. Bu qərar Avropada hakimlərin təyin olunması prosedurlarında şəffaflıq, hüquqi müəyyənlik və məhkəmə müstəqilliyi prinsiplərinin qorunması baxımından mühüm presedent kimi qiymətləndirilir.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr