İspaniyanın “Vilyarreal” komandasının mərkəz yarımmüdafiəçisi, 37 yaşlı ispan futbolçusu Daniel Parexo La Liqa klubundan ayrılıb.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatır. Klub rəhbərliyi təcrübəli oyunçu ilə yeni müqavilə bağlamağa ehtiyac duymayıb. Bu üzdən də Parexoya xidmətləri üçün təşəkkür edilib, ona gələcək həyatında uğurlar arzulanıb.
Parexo “Real”ın yetirməsidir. Yarımüdafiəçi Madrid klubunun alt sistemlərindən keçərək əsas komandaya yol tapsa da, burada möhkəmlənə bilməyib. Parexo karyerası ərzində “Kuinz Park Reyncers”, “Xetafe” və “Valensiya”da çıxış edib. “Vilyarreal” Daniel Parexonu 2020-ci ilin avqustunda 2,25 milyon avro məbləğ müqabilində “Valensiya”dan heyətinə qatmışdı.
Cari mövsümdə Parexo “Vilyarreal”ın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib. Parexonun “sarı sualtı qayıq”da çıxışının ümumi mənzərəsi isə belədir: 269 oyun, 16 qol, 36 məhsuldar ötürmə.
Daniel Parexonun qənimətlər muzeyində “Vilyarreal”la qazandığı Avropa Liqası (2020/2021) və “Valensiya” ilə qazandığı İspaniya Kuboku (2018/2019) var.
Daniel Parexo 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Parexo İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2007 və AÇ-2011-in qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.
