AZ

Çimərliyə gedənlərinə nəzərinə: Virusa yoluxa bilərsiniz

Azərbaycanda çimərlik mövsümü yaxınlaşır. Mövsümün başlanması və müddəti hava şəraitindən asılı olaraq dəyişir. Yay istirahətinin başlaması sağlamlıq və təhlükəsizlik məsələlərini gündəmə gətirib. Buna səbəb hər il dəniz suyundan müxtəlif infeksiyalara yoluxma hallarının qeydə alınmasıdır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən yoluxucu xəstəliklər üzrə mütəxəssis həkim Mələk Səlimlinin sözlərinə görə, dəniz, göl və açıq su hövzələrində infeksiya riskləri yüksək olur.

O bildirib ki, dəniz, göl və digər açıq su hövzələri istirahət üçün geniş istifadə olunsa da, bu mühitlər müxtəlif mikroorqanizmlərin yaşaması və yayılması üçün əlverişli şərait yaradır: “Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, rekreasiya suları bakterial, viral və parazitar infeksiyaların ötürülmə mənbəyi ola bilər. Dənizdə ən çox rast gəlinən infeksiyalar suyun fekal çirklənməsi və təbii mikrobioloji florası ilə əlaqədardır. Kəskin bağırsaq infeksiyalarına (norovirus, E. coli, Shigella, Salmonella və s.) yoluxma halları baş verə bilər. Daha çox çirkli suyun udulması ilə yayılır. İshal, qarın ağrısı, qusma və hərarət yarada bilər. WHO məlumatlarına görə, rekreasiya sularında ən çox qeydə alınan xəstəlik qrupu kəskin qastroenteritlər və əsas mexanizm fekal-oral yoldur. Əsasən çirklənmiş suyun udulması, dəridən nüfuz etmə nəticəsində keçir. Gigiyenik şəraiti zəif olan çimərliklərdə mikroorqanizmlərlə təmas mümkündür. Xüsusilə qumla oynayan uşaqlarda risk artır. Ən çox rast gəlinənlər Giardia lamblia və Cryptosporidium spp. olub (yoluxma yolu fekal-oral), xüsusilə uşaqlarda daha ağır və uzunsürən ishal yarada bilər. Bununla yanaşı dəri və yumşaq toxuma infeksiyaları yarana bilər. Çirkli su ilə təmas sonrası follikulit, impetigo və sellülit yarana bilər. Dəri zədələnmələri olduqda risk artır. Xüsusilə Vibrio spp. (Vibrio vulnificus daxil olmaqla) açıq yaralar vasitəsilə ağır yumşaq toxuma infeksiyalarına səbəb ola bilər. Ağır hallarda nekrotizan fasciit və sepsis inkişaf edə bilər. Bu, xüsusilə qaraciyər xəstəliyi və immunosupressiyası olan şəxslərdə daha yüksək ölüm riski ilə gedir. Bunlarla yanaşı qulaq infeksiyalarına da rast gəlinir. Belə ki, xarici qulaq yolunda ağrı, qaşınma və axıntı yaradır, bəzən eşitmədə müvəqqəti azalma ilə özünü göstərə bilər. Çirkli su ilə təmas sonrası gözdə konyunktivit (göz qızartısı, yanma, sulanma və irinli axıntı) yarana bilər. Xüsusilə adenovirus çimərlik və açıq su mühitlərində epidemik konyunktivitin ən mühüm törədicilərindən biridir və yüksək yoluxuculuğa malikdir. Adenoviruslar kontakt yolu ilə sürətlə yayılır və çimərliklərdə kiçik epidemiyalar yarada bilər”.

İnfeksionist qeyd edib ki, çimərliklərdə uşaqlar üçün də risklər mövcuddur: “Uşaqlar dəniz və çimərlik infeksiyalarına qarşı daha həssas qrup hesab olunur. Bunun əsas səbəbi immun sistemlərinin tam formalaşmaması, su udma ehtimalının yüksək olması və gigiyena qaydalarına daha az riayət etmələridir. Uşaqlarda həmçinin dəri bariyeri daha həssas olduğu üçün dəri infeksiyaları daha tez inkişaf edə bilər. Bəzi klinik və epidemioloji hallarda su ilə təmas tövsiyə edilmir. Əgər şəxsdə ishal, qusma və ya kəskin bağırsaq infeksiyası varsa, açıq yara, postoperativ yara sahəsi və ya dəridə zədələnmə olduqda, immunitetin zəifləməsi (kimyaterapiya, transplantasiya, steroid müalicəsi), xroniki qaraciyər xəstəlikləri (Vibrio infeksiyası riski yüksəkdir), su keyfiyyətinin şübhəli olması (bulanıq, qoxulu, kanalizasiya axını olan sahələr) zamanı tövsiyə edilmir”.

M.Səlimlinin sözlərinə görə, gigiyenik cəhətdən mənfi hallardan qorunmaq, infeksiyaların qarşısının alınması üçün əsas profilaktik tədbirlər görmək gərəklidir: “Su udmamaq və ağız-göz kontaktını minimuma endirmək, çimərlikdən əvvəl və sonra duş qəbul etmək, açıq yara varsa suya girməmək, yaş çimərlik geyimi ilə uzun müddət qalmamaq, qida gigiyenasına diqqət (çiy dəniz məhsullarından uzaq durmaq, əlləri yumaq, gigiyenik olmayan sahil satıcılarından qida almamaq) mühümdür. Rəsmi olaraq çirklənmiş elan edilən çimərliklərdən istifadə etməmək, yağışdan sonra axıntı olan sahələrdən uzaq durmaq, kanalizasiya və ya boru çıxışı olan yerlərdən istifadə etməmək məsləhətdir. İshal olan uşaqlar çimərliyə aparılmamalıdır. Çimərlikdən sonra qulaqların qurudulması (“swimmer’s ear” riskini azaldır), yaş çimərlik geyimi ilə uzun müddət qalmamaq, qıcıqlanmış dərinin təmiz saxlanması mühümdür. Açıq su hövzələri istirahət üçün əlverişli olsa da, mikrobioloji risklər nəzərə alınmalıdır”.

Seçilən
18
3
turkustan.az

4Mənbələr