AZ

Rossbax: Qadın qətllərinin 60 faizi partnyorlar tərəfindən törədilib

BAKI, 22 may. TELEQRAF

Qadın qətllərinin 60 faizi partnyorlar tərəfindən törədilib.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” adlı sessiyada deyib.

O bildirib ki, 2024-cü ildə dünyada qadın və qız qətllərinin 60 faizi partnyorlar və ya ailə üzvləri tərəfindən törədilib:

“Bu, son dərəcə ciddi göstəricidir. Risk xüsusilə böhran dövrlərində daha da artır. Biz bunu pandemiya zamanı açıq şəkildə gördük. Gender həssas siyasətlər mövcud olsa da, onlar çox vaxt ən həssas qadın qruplarına çatmır. Qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar, yerli icmaların nümayəndələri, əlilliyi olan qadınlar, post-böhran şəraitində yaşayan və trans qadınlar daha böyük risk altındadır”.

Anaklaudia Rossbax vurğulayıb ki, UN-Habitat-ın 2023–2029-cu illəri əhatə edən Strateji Planında hər kəs üçün adekvat mənzil təminatı əsas prioritetlərdən biridir və burada gender bərabərliyi ilə qadın və qızların gücləndirilməsinə xüsusi diqqət ayrılır:

“Mənzil siyasətlərini formalaşdıran qadın merlər, qadın nazirlər və qadın rəhbərlər olmalıdır. Buna görə qadın və qızları gücləndirən iştirakçı idarəetmə mexanizmlərinə diqqət yetiririk. Qadınlarla bağlı mənzil statistikasının əksər ölkələrdə yetərsiz olması ciddi problemdir və beynəlxalq öhdəliklərlə milli səviyyədə icra arasında böyük fərq qalır”.

O qeyd edib ki, sessiyanın nəticələri WUF13 çərçivəsində qəbul ediləcək Bakı Birgə Fəaliyyət sənədinə daxil ediləcək.

Seçilən
14
teleqraf.com

1Mənbələr