AZ

Prezident Yotova: Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş əla münasibətlərə malikdir - EKSKLÜZİV MÜSAHİBƏ

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində APA-ya müsahibəsi

- Dünyanın müxtəlif şəhərlərinin artan sosial, iqtisadi və iqlimlə bağlı çağırışlarla üzləşdiyi bir dövrdə WUF13 forumunun Bakıda keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

“Mənim üçün Bolqarıstanı WUF13 çərçivəsində keçirilən Liderlər sessiyasında təmsil etmək şərəf idi”

- BMT-nin himayəsi altında keçirilən bu irimiqyaslı forumun təşkilinə görə Azərbaycanı təbrik etmək istərdim. Dünyanın müxtəlif ölkələrindən bu qədər dövlət və hökumət başçısını, nümayəndələri bir araya toplamaq böyük ambisiya və enerji tələb edir. Mənim üçün ölkəm Bolqarıstanı WUF13 çərçivəsində keçirilən Liderlər sessiyasında təmsil etmək şərəf idi.

WUF13-də Bolqarıstanın yerli hakimiyyət nümayəndələri, o cümlədən Milli Bələdiyyələr Assosiasiyasının sədri və Veliko Tırnovo şəhərinin meri Daniel Panov da iştirak edirdi. Forum sürətli urbanizasiya çağırışlarının həlli ilə bağlı qabaqcıl təcrübə və ideyaların mübadiləsi üçün əla platformadır.

Bu gün şəhərlər geosiyasətin praktik ifadəsinə çevrilib və onların necə qurulması təkcə həyat keyfiyyətini deyil, həm də cəmiyyətlərin sabitliyini, ölkələrin dayanıqlığını və siyasi sistemlərə etimadı müəyyən edəcək. Gələcək yalnız iqtisadi artımla ölçülməməlidir. O, insanların yaşamaq, ailə qurmaq, işləmək və arzularını həyata keçirmək istədiyi şəhərlər yarada bilib-bilmədiyimizlə ölçüləcək. Şəhər böyük və müasir olduğuna görə deyil, heç kimin özünü artıq hiss etmədiyi üçün möhtəşəm sayılır. Texnologiya insanlara xidmət etməli, onları əvəz etməməlidir. Süni intellekt, rəqəmsal sistemlər və “ağıllı şəhərlər” yalnız insanlığa fayda verdiyi, bərabərsizliyi azaltdığı və həyatı daha təhlükəsiz, əlçatan və ləyaqətli etdiyi halda həqiqi dəyər qazanacaq.

“Prezident İlham Əliyevə apardığımız səmərəli müzakirəyə görə minnətdarlığımı bildirmək istərdim”

- Bu il Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümüdür. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafına necə təsir edib? Hazırkı münasibətləri səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz 2015-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş əla münasibətlərə malikdir. İkitərəfli münasibətlərin daha da inkişafı prosesləri 2024-cü ildə prezidentlər Rumen Radev və İlham Əliyev tərəfindən imzalanmış “Strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də öz əksini tapıb.

Yüksək səviyyəli siyasi dialoqu xüsusi vurğulamaq və Dünya Şəhərsalma Forumunun açılışı ərəfəsində Prezident İlham Əliyevə apardığımız səmərəli müzakirəyə görə minnətdarlığımı bildirmək istərdim.

Bolqarıstan və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektoru, enerji mənbələrinin şaxələndirilməsi və Avropa ilə Asiya arasında bağlantıdır.

“İqtisadi əməkdaşlığımızı inkişaf etdirmək üçün potensial mövcuddur”

- Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti barədə nə deyərdiniz?

- İkitərəfli ticarət və iqtisadi əməkdaşlığımızı inkişaf etdirmək üçün böyük və hələ tam istifadə olunmamış potensial mövcuddur. Bakıya səfərim zamanı Sumqayıt Sənaye Parkında Bolqarıstan investisiyası ilə tikilmiş sürtgü yağlarının emalı zavodu ilə tanışlıq imkanım oldu. Mühərrik və sənaye yağlarının emalı, I və II qrup baza yağlarının istehsalı üzrə zavod Prezident İlham Əliyevin 2023-cü ildə Bolqarıstana səfəri zamanı təsdiqlənmiş və həyata keçirilən yeganə sənaye layihəsidir. Bu, həm də Azərbaycanda bu sahədə ilk belə iri investisiyadır. Ekoloji tikinti, layihələndirmə və idarəetmə sahəsində fəaliyyət göstərən Bolqarıstanın “Torec Engineering” şirkətinin layihəsi hazırda sınaq mərhələsindədir. Layihə Prezident İlham Əliyev tərəfindən strateji elan olunub və Bakıda keçirilən COP29 çərçivəsində qəbul edilmiş qərarların tələblərinə tam uyğun yüksək texnologiyalı layihə kimi qiymətləndirilib.

Prezident İlham Əliyevlə görüşümdə qeyd etdiyim kimi, Bolqarıstan yüksək texnologiyalar sahəsində uzunmüddətli ənənələrə malikdir və birgə layihələrin inkişafı üçün geniş imkanlar təklif edir. INSAIT – Kompüter Elmləri, Süni İntellekt və Texnologiyalar İnstitutu bu sahədə liderdir. Bu, Şərqi Avropada ilk belə institutdur və süni intellekt və texnologiya sahəsində dünya şöhrətli tədqiqatçıları cəlb edir. Bolqarıstan Avropa Komissiyası tərəfindən süni intellekt “gigafactory”sinin qurulacağı altı ölkədən biri seçilib.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində yaradılan Şuşa parkının açılışını səbirsizliklə gözləyirik”

Münasibətlərin bəzən lazımınca qiymətləndirilməyən, lakin mənim fikrimcə böyük potensiala malik digər bir istiqamətini - təhsil və mədəni əlaqələri də vurğulamaq istərdim. Mən 2017-ci ildə Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatını öyrənən tələbələrlə görüşümü heç vaxt unutmayacağam. Bolqar xalqının dilini, tarixini və mədəniyyətini öyrənən gənclər iki xalq və iki dövlət arasında ən güclü bağlardan biridir. Bolqarıstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın daha da inkişafı üçün görüləcək çox iş var.

Mədəniyyət sahəsində isə Bakının töhfəsini xüsusi qeyd etmək və Veliko Tırnovodakı Trapezitsa Qalası Memarlıq Muzey Kompleksinin bərpasına görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istərdim. Azərbaycanla əməkdaşlıq çərçivəsində yaradılan Şuşa parkının bu payız açılışını səbirsizliklə gözləyirik. Daha sonra paytaxtınızda Veliko Tırnovo adını daşıyan park və ya küçənin yaradılması mümkündür. Bu ideyanı mer Panov səsləndirib və Prezident Əliyev maraqla qarşılayıb.

“Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazının həcmini artırmaq niyyətindəyik”

- Azərbaycandan Bolqarıstana qaz ixracının artırılması ilə bağlı müzakirələr aparılırmı?

- Prezident Əliyevlə müzakirələrimizin əsas mövzusu məhz enerji sahəsində əməkdaşlıq idi. Bolqarıstan Azərbaycan enerjisinin alıcısı olmaqla yanaşı, Avropaya tranzit ölkə kimi də strateji əhəmiyyət daşıyır. Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazının həcmini artırmaq niyyətindədir.

Bir müddət əvvəl Prezident Rumen Radev tərəfindən irəli sürülmüş “Həmrəylik Halqası” layihəsi böyük inkişaf potensialına malikdir. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycanın beş qazötürmə sistemi operatoru arasında Anlaşma Memorandumunun imzalanmasından sonra bu layihə Azərbaycan qazının Avropa İttifaqına ixracını iki dəfə artırmağa imkan verə bilər.

Bolqarıstan və Azərbaycan həmçinin iki “yaşıl enerji” layihəsinin həyata keçirilməsi üzrə fəal əməkdaşlıq edir. Bunlar Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quru yaşıl enerji dəhlizi layihələridir.

Bolqarıstan üçün Azərbaycanın enerji investisiyaları bugünkü qeyri-müəyyənlik və münaqişələr dövründə vacib və etibarlıdır. Mən SOCAR-ın Panagyurishte bələdiyyəsinin qazlaşdırılması layihəsində iştirakını da xüsusi vurğulamaq istərdim. Qazötürmə şəbəkəsinə çıxışı olmayan sosial obyektlərin qazla təmin olunması üzrə hibrid qazlaşdırma layihəsində SOCAR ilə Bolqarıstanın “M-Gas” şirkəti arasında əməkdaşlığa ümid edirik.

- Yaxın gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər planlaşdırılırmı?

- Ümid edirəm ki, yaxın zamanda Prezident İlham Əliyevi Bolqarıstanda qəbul edəcəyik, mən ona dəvət ünvanlamışam. O da Bolqarıstanın yeni Baş naziri Rumen Radevi Bakıda gözləyir.

Seçilən
45
3
apa.az

4Mənbələr