Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına qəbul”un təsdiq edilməsi haqqında 14 may 2026-cı il tarixli, 320s nömrəli Sərəncamına əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:
| İxtisasın şifri | Elm sahələri və ixtisaslar | Cəmi | Büdcə hesabına | |
| əyani | qiyabi | |||
| 5611.01 | Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ | 4 | - | 4 |
| 5612.01 | Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti | 4 | - | 4 |
Qeyd edilib ki, doktoranturaya sənəd qəbulu 2026-cı il may ayının 19-dan iyun ayının 9-dək Elm və Təhsil Nazirliyinin portal.edu.az sistemi üzərindən aparılacaq. Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər:
"Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında namizədlərin qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılması haqqında qərar qəbul edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər", - məlumatda bildirilib.