AZ

Bakıda qardaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu

Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Saleh Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

Məmmədov Əliheydər Həsən oğlunun qardaşına xəsarət yetirməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

 

İttihama görə, hadisə bu gün paytaxtın Nəsimi rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Saleh Bəşirovla qardaşı Valeh Bəşirov (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qardaşının ağız nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirib.

 

Hadisə nəticəsində zərərçəkmiş şəxsə üst çənənin sağ hissəsində ikinci və üçüncü dişlərin travmatik laxlaması, diş ətində şişkinlik və qansızmalı fonda əzilmiş-cırılmış yara, eləcə də üst dodaq nahiyəsində hematoma və sıyrıqlarla müşayiət olunan bədən xəsarətləri yetirilib.

 

Ekspertiza rəylərinə əsasən müəyyən olunub ki, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər hesab edilir.

 

Toplanmış materiallar əsasında Saleh Bəşirovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə hazırlıq iclasında o, özünü təqsirli hesab etdiyini bildirib və qardaşı ilə barışdıqlarını məhkəmənin diqqətinə çatdırıb. O, Valeh Bəşirovla aralarında yaranmış mübahisənin aradan qaldırıldığını söyləyərək, iş üzrə icraata xitam verilməsini xahiş edib. Bununla bağlı müvafiq ərizə də məhkəməyə təqdim olunub.

 

Hazırlıq iclasında zərərçəkmiş Valeh Bəşirov da çıxış edərək hazırda qardaşı ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

 

Zərərçəkmiş şəxs həmçinin təqdim etdiyi ərizədə tərəflər arasında barışığın əldə olunduğunu, münaqişənin həll edildiyini və cinayət təqibinin davam etdirilməsində maraqlı olmadığını qeyd edib.

 

Məhkəmədə tərəflərin mövqeləri, təqdim olunmuş ərizələr və iş materialları araşdırılıb. İş üzrə tərəflərin barışması və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması məhkəmə tərəfindən nəzərə alınıb.

 

Kamal Məmmədov

Tarix: 22 May 2026, 08:22   
Seçilən
74
pravda.az

1Mənbələr