Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 22 may, AZƏRTAC
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Aging” jurnalında dərc olunub.
Yaş artdıqca toxumalarda senessent hüceyrələr toplanır. Bu hüceyrələrə çox vaxt “zombi hüceyrələr” deyilir. Onlar artıq öz funksiyalarını yerinə yetirməsələr də, iltihabı gücləndirən və toxumaların bərpasını zəiflədən siqnal molekulları ifraz etməkdə davam edirlər. Alimlər hesab edirlər ki, dərinin yaşlanmasına və yaraların gec sağalmasına səbəb olan amillərdən biri də məhz bu hüceyrələrdir.
Tədqiqatçılar senolitik ABT-263 preparatının bu hüceyrələrin aradan qaldırılmasına kömək edib-etməyəcəyini araşdırıblar. Adi preparatlardan fərqli olaraq, senolitiklər qocalmış hüceyrələri seçici şəkildə məhv edir. Təcrübə zamanı alimlər preparatı beş gün ərzində yaşlı siçanların dərisinə tətbiq ediblər. Bundan sonra heyvanların dərisində kiçik yaralar yaradılıb və onların sağalma sürəti müşahidə olunub.
Müəyyən edilib ki, preparat hüceyrə yaşlanmasının əlamətlərini azaldıb və toxumaların bərpasını sürətləndirib. Preparat tətbiq olunan siçanların 80 faizində yaralar 24-cü günədək tam sağalıb. Nəzarət qrupunda isə bu göstərici cəmi 56 faiz təşkil edib.
Araşdırmanın gözlənilməz nəticələrindən biri ABT-263 preparatının iltihabı müvəqqəti olaraq gücləndirməsi olub. Adətən iltihab prosesləri zərərli hesab edilsə də, bu halda qısamüddətli artımın regenerasiya mexanizmlərinin yenidən aktivləşməsinə kömək etdiyi ehtimal olunur. Heyvanlarda kollagen sintezi, damarların yaranması və toxumaların yenidən formalaşması ilə bağlı genlərin aktivləşdiyi müşahidə edilib.
Müəlliflər qeyd edirlər ki, yaşlanan dəri yalnız nazikləşmir və qırışlarla örtülmür, həm də zədələrə daha zəif reaksiya verir. Bu isə yaşlı insanlarda əməliyyatlardan sonra ağırlaşmaların və xroniki yaraların yaranma riskini artırır.
Preparatın yerli tətbiqi alimlərdə xüsusi maraq doğurur. Senolitiklər daxilə qəbul edildikdə bütün orqanizmə yayıldığı üçün əlavə təsirlər yarada bilər. Dəriyə tətbiq isə preparatın birbaşa problemli nahiyəyə təsir göstərməsinə imkan verir. Bununla yanaşı, gənc siçanlarda demək olar ki, heç bir təsir müşahidə olunmayıb. Preparat yalnız senessent hüceyrələrin toplandığı nahiyələrdə təsir göstərib.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu cür vasitələr əməliyyatlardan əvvəl və ya yaraların zəif sağalma riski olan pasiyentlərdə istifadə oluna bilər. Bununla belə, tədqiqat hələlik yalnız siçanlar üzərində aparılıb və bu metodun insanlar üçün nə dərəcədə effektiv olduğu gələcək araşdırmalarla müəyyənləşdirilməlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.