Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda əmək bazarının strukturunda günəmuzd fəaliyyət göstərən şəxslər böyük paya sahibdir. Bu sahə sabit aylıq maaş və uzunmüddətli müqavilələrin olmaması ilə fərqlənir. Xüsusilə böyük şəhərlərdə, irimiqyaslı tikinti sahələrində və xidmət sektorunda gündəlik işçi qüvvəsinə tələbat daim yüksək səviyyədə qalır. Sabit rəsmi iş yerinə daxil ola bilməyən və ya qısamüddətli qazanc axtaran vətəndaşlar daha çox bu sahəyə yönəlirlər.Bu bazarın mövcud vəziyyəti ilə bağlı insan resursları üzrə konsultant, biznes məsələləri üzrə ekspert İlkin Mirzəzadə Demokrat.az saytına açıqlama verib.Ekspert ölkədəki gündəlik iş bazarının daha çox fiziki əməyə əsaslanan sahələri və xidmət personalını əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu növ məşğulluq konkret istiqamətlərdə cəmləşib."Bu bazar müxtəlif sahələri özündə birləşdirir, lakin daha çox restoran və tikinti sektorlarında fəallıq müşahidə olunur. Məsələn, restoranlarda ofisiantlar, mətbəx işçiləri və köməkçi heyət, tikinti sahəsində isə müxtəlif kateqoriyalara aid ustalar və fəhlələr bu bazarın əsas iştirakçılarıdır".Mütəxəssis qeyd edib ki, bu sistemdə fəaliyyət göstərən şəxslərin maddi vəziyyəti hər gün dəyişə bilir. Rəsmi ştatda olmayan işçilərin qazancı tamamilə sifarişlərin və iş günlərinin həcmindən asılıdır.
Ekspert qeyri-sabit gəlir sistemini və bazarın ümumi mənzərəsini bu cür izah edib:"Onların sabit aylıq gəliri olmur və qazanc birbaşa işlədikləri günlərin sayından asılıdır. Buna görə də bu kateqoriyada çalışanlar üçün gəlir qeyri-sabit xarakter daşıyır. Ümumilikdə, gündəlik iş bazarında əsasən aşağı və orta ixtisaslı işçi qüvvəsi üstünlük təşkil edir. Digər sahələrdən olan işçilərə də nadir hallarda rast gəlinir, lakin bu, ümumi mənzərədə istisna xarakteri daşıyır. Bu səbəbdən bazarın əsas yükünü məhz xidmət və tikinti sahəsində çalışan günəmuzd işçilər formalaşdırır",- deyə o qeyd edib.Bu növ əmək münasibətləri işəgötürənlər üçün çeviklik yaratsa da, işçilərin sosial müdafiəsi və gələcək təminatları baxımından müəyyən risklər formalaşdırır. Bazarın tənzimlənməsi günəmuzd çalışanların əmək hüquqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir.Yəni, ölkədə fəaliyyət göstərən gündəlik iş bazarı əsasən restoran və tikinti sahələrində çalışan fəhlə, usta və ofisiantlardan ibarətdir ki, bu şəxslər də sabit aylıq maaş almadıqları üçün gəlirləri yalnız işlədikləri günlərin sayına görə hesablanır.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.