AZ

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB  

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “2040-cı il Bakının Baş Planı – Yeni İnkişaf Dövrü” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 2040-cı ilədək paytaxtın inkişafını müəyyən edən “Bakı Baş Planı”nın əsas prioritetləri, şəhərsalma yanaşmaları, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və dayanıqlı urbanizasiya hədəfləri geniş müzakirə olunub.

Müzakirələrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə yanaşı, beynəlxalq tərəfdaşlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, “Bakı Baş Planı 2040” paytaxtın daha yaşıl, inklüziv, dayanıqlı və qlobal rəqabətqabiliyyətli şəhərə çevrilməsini hədəfləyir. Onun sözlərinə görə, Baş planın əsas prioriteti sakinlərin həyat keyfiyyətinin yüksəldilməsidir. Bu çərçivədə parkların genişləndirilməsi, sahilyanı ərazilərin abadlaşdırılması, şəhər bulvarının inkişafı və məhəllə infrastrukturunun yenilənməsi daha yaşanılabilən şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Read Qasımov qeyd edib ki, ekoloji dayanıqlılıq, enerji səmərəliliyi və bərpaolunan enerji həllərinin təşviqi Baş planın əsas istiqamətlərindəndir. Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində milli yaşıl tikinti yol xəritəsinin hazırlanması istiqamətində işlər aparılır.

Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov bildirib ki, Bakı hazırda çoxmərkəzli şəhər modelinə keçid edir və şəhər mobilliyi inteqrasiya olunmuş sistemə çevrilir. Onun sözlərinə görə, şəhərin inkişafı artıq yalnız iqtisadi göstəricilərlə deyil, əlçatanlıq və səmərəli mobilliklə ölçülür. Fariz Əzizov qeyd edib ki, Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər uzanan yeni yol layihəsinin təxminən 50 faizi icra olunub və bu layihə şəhərin nəqliyyat yükünün azaldılmasına xidmət edəcək.

Daha sonra çıxış edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı regional idarəsinin rəisi Tərlan Səfərov Bakı nəqliyyat sisteminin vahid mobillik ekosisteminə çevrildiyini bildirib. O qeyd edib ki, metro şəbəkəsinin genişləndirilməsi, avtobus zolaqlarının artırılması və yeni nəqliyyat qovşaqlarının yaradılması paralel şəkildə davam etdirilir.

Tərlan Səfərov bildirib ki, hazırda şəhərdə 368 ekoloji təmiz avtobus fəaliyyət göstərir, 140 kilometr avtobus zolağı salınıb və sərnişindaşıma həcmi davamlı olaraq artır. O qeyd edib ki, əsas məqsəd magistral yollar, metro, dəmir yolu və digər nəqliyyat növlərini ayrı-ayrı sistemlər kimi deyil, vahid rəqəmsal və fiziki ekosistem şəklində inteqrasiya etməkdir. Bu yanaşma səyahət vaxtının azaldılmasına və şəhər üzrə əlçatanlığın artırılmasına xidmət edir.

Aktiv mobillik sahəsində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, paytaxtda 65 kilometr velosiped yolu salınıb, 1000-dən çox velosiped parklanma məntəqəsi quraşdırılıb.

Həmçinin mikromobillik həllərinin, xüsusilə elektrik skuterlərinin qısaməsafəli səfərlərdə istifadəsinin artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu xidmətlər üzrə 4 milyondan çox səfər həyata keçirilib və 400 mindən artıq istifadəçi sistemdən yararlanır.

Sonda vurğulanıb ki, əldə olunan nəticələr Bakı sakinlərinin dayanıqlı və alternativ nəqliyyat həllərinə marağının artdığını nümayiş etdirir.

Seçilən
3
2
azerbaijan-news.az

3Mənbələr