“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 33-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçuları qələbə münasibəti ilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm. Gözəl qollar vurduq. Özünəinam baxımından son oyunlar bizə kömək olmalıdır. Amma pley-off matçından qabaq heç bir halda arxayınlaşmaq olmaz. Qarşıdakı oyuna ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq.
Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək”.
