Mayın 21-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Nazirlikdən hafta.az-a bildirilib ki, görüşdə Xalq artistləri – dirijor Ağaverdi Paşayev, xanəndə Zümrüd Məmmədova, qarmon ifaçısı Ənvər Sadıqov, aktrisalar Məleykə Əsədova, Şükufə Musayeva, Xalq rəssamı Hüseyn Haqverdiyev və tanınmış şair, bəstəkar Xanım Qarayeva (İsmayılqızı) iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli yubileyləri münasibətilə onları təbrik edərək xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata daim xüsusi münasibəti olub. Ulu Öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına davamlı diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. “Ümummilli Liderin təməlini qoyduğu bu ənənə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafına töhfə verən insanlar yüksək dövlət təltiflərinə, təqaüd və mükafatlara layiq görülürlər. Bu yanaşma və diqqət yaradıcı insanların fəaliyyətinə müsbət təsir göndərir və nəticədə Azərbaycan mədəniyyəti inkişaf edir, zənginləşir”, – deyə nazir əlavə edib.
Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplom və Təşəkkürnamələrini təqdim edib, cansağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulayıb.
Mədəniyyət xadimləri çıxış edərək sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə və təltifə görə minnətdarlıqlarını bildiriblər.
Sonda birgə foto çəkdirilib.
