Mədəniyyətdən siyasətə, iqlimdən tutmuş idmana qədər qlobal səviyyəli müxtəlif aktual mövzuların, ən mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq beşinci gündür ki, yenidən dünya mediasının diqqət mərkəzindədir.
“İki sahil” xəbər verir ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrinin nüfuzlu media qurumları tərəfindən işıqlandırılmaqdadır. Dünya mediası WUF13-ü müasir dünyanın ən aktual urbanizasiya çağırışlarının müzakirə edildiyi əsas platforma kimi geniş təbliğ edir. Xəbərlərdə Azərbaycan inklüziv şəhərsalma və “yaşıl keçid” ideyalarının qlobal mərkəzi kimi təqdim olunur. Argentinadan Çinə, Ukraynadan Mərakeşə qədər uzanan bu media marağı tədbirin təkcə regional sviyyədə deyil, sivilizasiyalararası miqyasda da mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
WUF13-ün geniş işıqlandırıldığı ölkələrdən biri də Argentinadır. Bu ökənin aparıcı media qurumları – “Canal 26”, “Código Baires”, “El Sol Noticias”, “Mercado”, “Todo Salta”, “Hecho en Quilmes”, “Infocielo”, “Diario El Norte” və s. tədbirdə Argetnina nümayəndə heyətinin Bakıdakı fəaliyyətinə geniş yer ayırıb. Xəbərlərdə Bakıdakı tədbirin iqlim dəyişikliyi ilə mübarizə və şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün önəmli qlobal platforma olduğu vurğulanıb. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirin Argentinanın yerli idarəetmə orqanları üçün beynəlxalq əməkdaşlıq və investisiya imkanları təqdim etdiyi diqqətə çatdırılıb.
Meksika mediası – “Mundo Internacional”, “Acento Noticias” nəşrləri Meksika Senatının WUF13-ün şərəfinə fotosərgi təşkil etməsini və Mexiko bələdiyyəsinin sədri Klara Bruqadanın tədbirdəki iştirakını diqqət mərkəzində saxlayıb. Yazılarda Bakının beynəlxalq şəhərsalma debatlarının mərkəzinə çevrildiyi və Azərbaycanın təşkilatçılığı ilə sosial ədalət və mənzil təminatı kimi mövzuların qlobal gündəmə gətirildiyi qeyd olunub.
Mərakeş Krallığında yayımlanan “InfoImmo” və “Yabiladi” nəşrləri bu ölkənin pavilyonunun açılışına və Mərakeşin şəhərsalma təcrübəsini nümayiş etdirməsinə xüsusi yer ayırıb. Xəbərlərdə tədbirin Bakıda keçirilməsinin İslam dünyası və Afrika ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratdığı, Azərbaycanın qlobal urbanizasiya problemlərinin həllində mühüm vasitəçilik rolu oynadığı qeyd olunub.
Türkiyə mediası da Bakıdakı müzakirələri fəal işıqlandırmaqda davam edir. “Cumhuriyet” qəzetində, “Haber Global” və “TRT Avaz” televiziyalarında yayımlanan xəbərlərdə WUF13 “İnsanlığın yeni kənd axtarışı” və qlobal şəhərsalma çağırışlarına cavab olaraq təqdim edilib. İnformasiyalarda Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın şəhərsalma sahəsində də davam etdiyi, həmçinin Türk dünyasının bu qlobal platformada fəal təmsil olunduğu vurğulanıb. Bu media qurumları WUF13-ün dünya şəhərləri üçün yeni “yol xəritəsi” müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Ukrayna mediası da Bakıdakı müzakirələri ilk gündən diqqət mərkəzində saxlayır. “Ukrinform”, “Kremenchuk TV”, “Novyny Poltavshchyny”, “Finteco”, “My Kyiv Region”, “Kremen Today” və digər media orqanları WUF13-də bu ölkənin milli pavilyonunun açılışını və “Ukrayna modeli”nin təqdimatını fəal şəkildə işıqlandırıb. Yayımlanan informasiyalarda Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyi qeyd olunub, WUF13 müharibədən zərər çəkmiş şəhərlərin gələcək bərpası üçün təcrübə mübadiləsi mərkəzi kimi xarakterizə edilib.
İspaniyanın “Maspalomas Ahora” və “La Provincia” nəşrləri WUF13-də Kanar Adaları nümayəndələrinin təkliflərinə və mənzil siyasətinə diqqət çəkib. Xəbərlərdə Azərbaycanın ev sahibliyi etdiyi WUF13-ün beynəlxalq hüquqi tənzimləmələrin müzakirəsi üçün əlverişli mühit yaratdığı və qlobal şəhərsalma problemlərinin həllində Bakının önəmli platforma olduğu bildirilib.
Polşanın “Portal Samorządowy” nəşri isə Katovitse şəhərinin və Qdansk Texnologiya Universitetinin Bakıdakı iştirakına yer ayırıb. Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycanın təşkil etdiyi bu tədbir şəhərlərin rəhbərləri üçün bilik və əməkdaşlıq imkanları baxımından əvəzolunmaz imkandır. Eyni zamanda bildirilib ki, WUF13 “15 dəqiqəlik şəhər” kimi modern layihələrin qlobal səviyyəli müzakirə mərkəzinə çevrilib.
Bolqarıstanın Dövlət Teleqraf Agentliyi (BTA), “Pro News Dobrich” nəşri də yayımladıqları xəbərlərdə WUF13-ün həm regional, həm də beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıb. Məlumatlarda BMT rəsmilərinin Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdikləri və WUF13-ün şəhər idarəçiliyi sahəsində ən uğurlu platformalardan biri olduğu qeyd edilib. Həmçinin digər ölkələrin pavilyonlarının Azərbaycan rəsmiləri tərəfindən ziyarət edilməsi diplomatik əlaqələrin güclənməsinin göstəricisi kimi təqdim olunub.
Çinin “China.com”, “Xinhua News”, “163.com” media qurumları da WUF13 barədə silsilə xəbərlər, reportajlar yayımlamaqdadır. WUF13-ün şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbiri olduğunu qeyd edən bu media orqanları paytaxt Bakının modern şəhər infrastrukturunu və ev sahibliyi potensialını yüksək qiymətləndirib. Çin nəşrləri tədbirin qlobal “yaşıl keçid” və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın təşkilatçılığı ilə mühüm dialoq mühiti yaratdığını qeyd edib.
Pakistan mediası tədbiri fəal şəkildə işıqlandırmaqda davam edir. Qardaş ölkənin “Digital Pakistan”, “Dispatch News Desk” (DND) media qurumları WUF13-də xüsusilə iqtisadi inkişaf və əlçatan mənzil təminatı kimi mühüm mövzularda aparılan müzakirələrə geniş yer ayırıb. Xəbərlərdə Azərbaycanın bu tədbir vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsinin dünyaya çatdırılmasına şərait yaratdığı bildirilib. Bakı platforması Cənubi Asiya ölkələri üçün innovativ şəhərsalma modellərini öyrənmək üçün ideal məkan kimi təsvir edilib.
Qazaxıstanın “Kazakhstan Today”, “Invest.gov.kz” və digər nəşrləri Bakıdakı tədbiri regionun şəhərsalma gələcəyi üçün həlledici mərkəz kimi qiymətləndirib. Xəbərlərdə Azərbaycan paytaxtının bu gün dünya miqyaslı dialoq mərkəzinə çevrildiyi, WUF13-ün şəhərlərin rəqəmsallaşması və müasir infrastruktur layihələri üçün mühüm təcrübə bazası rolunu oynadığı vurğulanıb.
Vyetnamın “VnEconomy” nəşri sürətli urbanizasiya prosesləri fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu platformanı “yaşıl infrastruktur” investisiyaları üçün həlledici çağırış məkanı kimi təqdim edib.
Əfqanıstanın “Kabul Signal” media qurumu Bakı Forumunu iqlim diplomatiyası üçün nadir fürsət hesab edərək, müxtəlif regionların nümayəndələrin burada iştirakına xüsusi diqqət ayırıb. Türkmənistanın “Altyn Asyr”, Tacikistanın “Khovar” agentlikləri Bakının beynəlxalq şəhərsalma gündəminin mərkəzi olduğunu vurğulayaraq, UN-Habitat ilə əməkdaşlığın yeni mərhələsinin məhz burada müzakirə olunduğunu qeyd edib. Keniyada yayımlanan “Ghetto Radio” isə tədbirin Afrika üçün əhəmiyyətinə toxunaraq, Bakıdan edilən xəbərdarlıqların qitədəki “şəhər xaosu”nun qarşısını almaq üçün son şans olduğunu xüsusi vurğulayıb.
WUF13 ilə bağlı müzakirələr onlayn media platformalarında da fəal şəkildə davam etdirilir.
Beləliklə, artıq beşinci gününü başa çatdırmaqda olan WUF13-ə beynəlxalq mətbuatın verdiyi geniş reaksiya Azərbaycanın qlobal şəhərsalma diplomatiyasındakı aparıcı rolunu və Bakının strateji dialoq məkanı kimi sarsılmaz statusunu bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə dünya ölkələri dayanıqlı gələcək üçün vahid yol xəritəsi müəyynləşdirir, Azərbaycan isə qlobal problemlərin həllində mühüm vasitəçi və innovativ ideya mərkəzi olduğunu nümayiş etdirir.