AZ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...



Elyar İslamoğlu: “Suallar prinsip etibarilə həllolunmaz və ya total şəkildə “tələ qurmaq” məqsədi...”

Rizvan Fikrətoğlu: “Bu il buraxılış imtahanlarında suallara yanaşma tərzi dəyişib”

Qəbul imtahanlarında abituriyentlərə təqdim olunan suallar barədə ictimaiyyətdə birmənalı fikir yoxdur. Sosial şəbəkələrdə, ictimaiyyət arasında əsasən belə fikirlər səsləndirilir ki, bəzi imtahan sualları şagirdlərin biliklərini ölçməkdən daha çox onları çaşdırmaq və ya “tələyə salmaq” məqsədi daşıyır. Hətta bir çox tanınmış abitutəhsil mütəxəssisləri belə, iddia edib ki, abituriyentlər yanlış suallarla qəsdən çaşdırılır. Hətta elm və təhsil naziri Emin Əmirullayevin özü belə imtahan suallarına qarşı tənqidi fikir bildirib. Nazir açıqlamalarından birində “sualları çaşdırmaq üçün hazırlayırlar” deyib.

Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu fikirdə olanlara cavab verib. “Bizim imtahanların məqsədi şagirdləri çaşdırmaq deyil, onların bilik və bacarıqlarını daha dəqiq ölçməkdən ibarətdir. Mən istərdim ki, belə fikirlər səsləndirənlər heç olmasa, bir konkret misal göstərsinlər ki, hansı sual tələyə salmağa hesablanıb. Sadəcə ümumi fikir deməklə bunu iddia etmək düzgün deyil. Sosial şəbəkələrdə yazılan şərhlərə və ya ayrı-ayrı fikirlərə baxıb ümumi nəticə çıxarmaq da doğru yanaşma deyil...”

Məleykə Abbaszadə deyib ki, əgər çaşdırıcı suallar varsa bir nümunə göstərinlər. Belə nümunə varmı? Yoxsa qərəzdir? Abbaszadə doğru deyir, yoxsa yalan?

Filologiya üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Elyar İslamoğlu baki-xeber.com-a bildirdi ki, Dövlət İmtahan Mərkəzinin imtahanları ətrafında “suallar dolaşdırıcıdır, öyrədici deyil” kimi tənqidlər illərdir davam edir. “Mərkəzin rəhbəri Məleykə Abbaszadənin “əgər belə sual varsa, konkret nümunə göstərsinlər” mövqeyi isə əslində metodoloji baxımdan əsaslı yanaşmadır. Çünki istənilən ciddi tənqid emosional ümumiləşdirmə ilə deyil, konkret fakt və nümunə ilə sübut olunmalıdır.

Reallıq ondan ibarətdir ki, imtahan sistemlərində çətin sual ilə dolaşdırıcı sual eyni anlayış deyil. Çətin sual şagirdin bilik səviyyəsini, məntiqini və diqqətini ölçə bilər. Amma dolaşdırıcı sual qeyri-dəqiq ifadə, bir neçə yozuma açıq məna və ya süni şəkildə çaşdırıcı quruluş üzərində qurulur. Bu baxımdan DİM suallarının hamısını “qüsurlu” saymaq doğru deyil.

İllər ərzində bəzi imtahan sualları ətrafında mübahisələr yaranıb, müəyyən cavablar dəyişdirilib və ya bəzi suallar ləğv olunub. Lakin eyni zamanda hər imtahanda bütün sualları cavablandıran və yüksək nəticə göstərən abituriyentlərin olması da onu göstərir ki, suallar prinsip etibarilə həllolunmaz və ya total şəkildə “tələ qurmaq” məqsədi daşımır.

Cəmiyyətdəki narazılığın bir hissəsi obyektiv metodik iradlardan qaynaqlansa da, digər hissəsi zəif hazırlığın psixoloji izahı kimi ortaya çıxır. İmtahanda uğursuz nəticə göstərənlərin bir qismi məsuliyyəti sualın üzərinə yönəldir. Digər tərəfdən isə təhsil ictimaiyyətinin müəyyən hissəsi testlərin bəzən bilikdən çox test texnikasını ölçdüyünü düşünür.

Bu səbəbdən məsələni “Abbaszadə tam haqlıdır” və ya “tam haqsızdır” şəklində qiymətləndirmək düzgün olmazdı. Daha balanslı yanaşma odur ki, DİM sistemində ümumi olaraq ciddi ölçmə mexanizmi mövcuddur, lakin zaman-zaman mübahisəli və texniki baxımdan problemli sualların ortaya çıxması da mümkündür. Əsas məsələ bu halların emosional mübahisə yox, peşəkar və açıq müzakirə predmetinə çevrilməsidir”-deyə E.İslamoğlu bildirdi.

Təhsil eksperti Rizvan Fikrətoğlu baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə, DİM-in proqramdan kənar sual salması həmişə müzakirə mövzusu olub: “Amma həqiqətən də DİM proqramdan kənar sual salmır. Sadəcə olaraq, suallarda çaşdırıcı məqamlar ola bilir. Məsələn, bu il buraxılış imtahanlarında suallara yanaşma tərzi dəyişib, daha çox əzbərçilik yox, təfəkkürə söykənən suallardır. Standartlar bir az dəyişəndə bu abituriyentıərdə çaşqınlıq yaradıb. Bu da bizə əsas vermir ki, deyək ki, DİM proqramdan kənar suallar salıb. Əslində proqramdan kənar sual salmayıb. Sadəcə bizdə qəbulun strukturunda problem var. Struktur nədir? Tutalım, şagird deyir ki, mən 11-ci sinfi bitirirəm və nə üçün 6-cı sinif proqramından imtahan verməliyəm? Bir halda ki, orta məktəblərdə dövlət nümunəli attestat verilir, bu artıq 9-cu sinfə qədər keçirilən fənlərin atestatıdır. Olmazmı ki, bu daha ciddi şəkildə atestat imtahanları ola? Məktəbin müəyyən qədər rolu olmalıdır. Nə mənada? Atestatda müəyyən qədər bal hesablana və uşaq ancaq yuxarı siniflərdən imtahan verə. Əgər belə bir sistem olsa düşünürəm ki, abituriyentlər repitora meyillənməz, valideynlərin pulu ciblərində qalmış olar. Bizdə isə qəbul prosesi elədir ki, 11-ci sinifdə oxuyan uşaq nə qədər mükəmməl olsa da, 6-cı sinif proqramını unutduğu üçün repitora yanına gedir. Orta məktəb müəllimi isə ona hazırda 11-ci sinfin proqramını keçməlidir, 5-ci sinifin proqramını keçməməlidir. Bizdə qəbul prosesində problem var. Düşünürəm ki, məktəbin rolu artırılmalıdır. Uşağın məktəbə asıldığı yaranmalıdır. Onun 9-cu sinfə qədər keçdiyi mövzular atestat balına çevrilməlidir və o bal onun əsas bazası olmalıdır. Əlavə olaraq, yalnız 10-cu-11-ci sinifin mövzularından suallar salınmalıdır. Bu halda iki bal toplanmalıdır və müəyyən bal əmsalı yaranmalıdır. Yoxsa ki, uşaq çox çətin bir formada 5-ci, 6-cı, 7-ci,8-ci, 9-cu sinifdən düşmüş sualları imtahanda həll etmək üçün repitor yanına getməyə məcburdir. Bu da istər-istəməz məktəbin verdiyi biliyi, onun rolunu azalmış olur.

Biz qəbul imtahanında məktəb modelini, məktəbin funksiyasını sıfra endirmişik”.

İradə SARIYEVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr