AZ

Qurban bayramında bölgələrə axın: Qiymətlər və kirayə ev bazarındakı boşluqlar KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qurban bayramı ərəfəsində bölgələrə üz tutan insanların sayında artım gözlənilir. Xüsusilə ardıcıl istirahət günləri daxili turizmi canlandırır, hotellərə və kirayə evlərə marağı artırır.

Bəs bu il bayram günlərində qiymətlərdə bahalaşma olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, uzunmüddətli istirahət günləri turizm sektorunda hərəkətliliyi artırır və bölgələrə maraq yüksəlir:

“Əlbəttə ki, insanlar regionlara üz tuturlar. Bu il qiymət artımı müşahidə olunmur. Sadəcə rezervasiyaların sayında artım var. Xüsusilə Quba, Qusar, Şəki, Qəbələ, İsmayıllı və Şamaxı istiqamətləri üzrə dinamika yüksəkdir. Bayrama yaxınlaşdıqca rezervlər daha da artır”.

Samir Dübəndi kirayə ev bazarındakı nəzarətsiz vəziyyətə də diqqət çəkib. O bildirib ki, bu sahəni tənzimləyən konkret qanunvericilik bazası yoxdur:

“Kirayə evlər artıq hər yeri bürüyüb. Turistə xidmət göstərilirsə, bunun da müəyyən qaydaları olmalıdır. Amma sual yaranır – bu qaydalara kim nəzarət edir? Turistin təhlükəsizliyini kim təmin edir? Bu məsələlər bizi də narahat edir”.

Assosiasiya rəsmisinin sözlərinə görə, qısamüddətli kirayə mənzillər hotel sektorunda qeyri-bərabər rəqabət formalaşdırır:

“Dəfələrlə qeyd etmişəm ki, mənzil fondu bu gün hotelçilik sahəsində ədalətsiz rəqabət yaradır. Kirayə ev bazarı ciddi şəkildə tənzimlənməlidir. Xidmətlərin göstərilməsi zamanı tətbiq olunan qaydalar və standartlarla bağlı boşluqlar var”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
konkret.az

2Mənbələr