Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Xarkovda şəhər bərpası: Evlərin və gələcəyin yenidən qurulması” tədbirində Ukraynanın Xarkov şəhərinin bərpasına dair məsələlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Xarkov şəhərinin meri İhor Terexov çıxışında şəhərin bərpası prosesində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, beynəlxalq tərəfdaşların dəstəyi və iştirakı ilə Xarkovun Baş planı hazırlanıb və hazırda Şimali Saltovka ərazisi üzrə pilot layihə həyata keçirilir.
Mer qeyd edib ki, layihələrə aparıcı beynəlxalq mütəxəssislərlə yanaşı, ukraynalı memarların və yerli universitetlərin də cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, gənclərin bu prosesdə iştirakı şəhərin gələcək inkişafı üçün mühüm amildir.
Çıxışda vurğulanıb ki, Xarkovun bərpası yalnız infrastrukturun yenilənməsi deyil, həm də müasir və dayanıqlı şəhər mühitinin yaradılmasına yönəlib.
Müxbir – Elgün Niftəli