AZ

Azərbaycan türkologiya elmi: sələflər və xələflər - gənc alimlərin respublika konfransı

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransı keçirilib. Tədbir AMEA Gənclər Akademiyası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə olan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin elmi əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il oktyabrın 22-də Sərəncam imzaladığını xatırladıb. Vurğulayıb ki, düz bir əsr əvvəl Bakıda əsası qoyulan ortaq dil, ortaq əlifba, ortaq terminologiya və ortaq gələcək ideyaları bu gün də öz aktuallığını qoruyur.

Bakı şəhərinin XX əsrin əvvəllərində intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyini və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı deyən akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Qurultay ilk dəfə Türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının elmi müzakirəsini apararaq türkoloji elmləri sistemli şəkildə beynəlxalq arenaya təqdim edib. Qurultayda iştirak edən 130-dan artıq ziyalıdan 80-dən çoxu sovet rejimi tərəfindən sərt repressiyaya uğrayıb.

Akademik Gövhər Baxşəliyeva bugünkü konfransın əsas məqsədinin klassik türkologiya irsini müasir elmi yanaşmalarla uzlaşdırmaq, akademik tədqiqatların bu sahədə rolunu gücləndirmək və gənc alimlərin Türk dünyasının ortaq elmi-mədəni məkanının formalaşmasında fəal iştirakını təşviq etmək olduğunu söyləyib.

Sonra Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək bildirib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda türk xalqlarının nümayəndələri ilə yanaşı, müxtəlif siyasi-ideoloji sistemlərdə fəaliyyət göstərmiş görkəmli alim və ziyalılar iştirak ediblər. Türk xalqlarının dil, tarix və mədəni yaddaşı üzrə elmi düşüncənin formalaşmasında mühüm mərhələ olan Qurultayın irsi bu gün də müasir türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirir.

Daha sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri konfransın Birinci Türkoloji Qurultayın yubileyi çərçivəsində təşkil olunan silsilə elmi tədbirlərin tərkib hissəsi olduğunu bildirib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək bildirib ki, ölkə başçısının Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Sərəncamı ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açıb.

AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev isə çıxışında konfransın Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı elmi ənənənin davamı olduğunu bidirib. O, “sələflər və xələflər” mövzusunun elmi varislik prinsipini ifadə etdiyini deyərək, müasir türkologiyada multidissiplinar yanaşmaların vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Türk dünyasında artan elmi inteqrasiya prosesləri ortaq mədəni və kommunikativ məkanın formalaşmasına xidmət edir.

Tədbirdə, həmçinin Türkiyə Elmlər Akademiyasının Gənclər Akademiyasının sədri dosent Mürsel Doğrulun və Qırğızıstan Elmlər Akademiyası Gənclər Akademiyasının sədri Elmira Alamanovanın videomüraciətləri təqdim edilib. Videomüraciətlərdə bu kimi elmi platformaların Türk dünyasında gənc alimlər arasında əməkdaşlığın və akademik əlaqələrin güclənməsi baxımından mühüm rol oynadığı qeyd edilib.

Daha sonra Folklor İnstitutunun direktoru Hikmət Quliyev və həmin institutun aparıcı elmi işçisi dosent Səfa Qarayevin “Elmlərarası diskursda türkoloji folklorşünaslıq: inkişaf istiqamətləri”, eləcə də Milli Aviasiya Akademiyasının dosenti Elnur Kəlbizadənin “Türk birliyi: ideoloji siyasi təməllərdən Texno-Turana” adlı mərzələri dinlənilib.

Seçilən
25
1
azertag.az

2Mənbələr