Boston Universitetinin alimləri dərinin qocalmasını geriyə çevirə və yaraların sağalmasını sürətləndirə bilən yeni preparat hazırlayıblar.
Redaktor.az xəbər verir ki, “Aging” jurnalında dərc olunan araşdırmaya əsasən, ABT-263 adlı preparat qocalmış hüceyrələri məhv edərək yaşlı orqanizmlərdə dəri toxumalarının bərpasını sürətləndirə bilir.
Alimlərin sözlərinə görə, yaş artdıqca orqanizmdə “zombi hüceyrələr” adlandırılan qocalmış hüceyrələr toplanır. Bu hüceyrələr artıq öz funksiyalarını yerinə yetirməsələr də, iltihabı artıran siqnallar yayaraq toxumaların bərpasını ləngidir və dərinin qocalmasına səbəb olur.
Tədqiqat zamanı alimlər ABT-263 preparatını beş gün ərzində yaşlı siçanların dərisinə tətbiq ediblər. Daha sonra heyvanların dərisində kiçik yaralar yaradılıb və sağalma prosesi izlənilib.
Məlum olub ki, preparat hüceyrə qocalmasının əlamətlərini azaldır və toxumaların yenilənməsini sürətləndirir. Təcrübənin 24-cü günündə preparat tətbiq olunan siçanların 80 faizində yaralar tam sağaldığı halda, nəzarət qrupunda bu göstərici 56 faiz təşkil edib.
Araşdırma zamanı ABT-263-ün qısa müddətli iltihabı artırdığı da müəyyən edilib. Alimlər hesab edir ki, bu proses regenerasiya mexanizmlərinin yenidən aktivləşməsinə kömək edir. Preparatın təsiri ilə kollagen sintezi, damarların yaranması və toxumaların bərpası ilə əlaqəli genlərin fəaliyyəti güclənib.
Tədqiqat müəllifləri qeyd ediblər ki, yaşlı dəridə həm qırışlar artır, həm də zədələr daha gec sağalır. Bu isə əməliyyatlardan sonra ağırlaşma riskini yüksəldir.
Alimlər preparatın yerli şəkildə, yəni birbaşa dəriyə tətbiq edilməsinin üstünlük olduğunu bildirirlər. Çünki ağızdan qəbul edilən senolitik preparatlar bütün orqanizmə yayıldığından əlavə yan təsirlər yarada bilər.
Mütəxəssislər gələcəkdə bu cür vasitələrin əməliyyatlardan əvvəl və ya yaraların gec sağaldığı xəstələrdə istifadə oluna biləcəyini düşünürlər. Bununla belə, araşdırmanın hələlik yalnız siçanlar üzərində aparıldığı və preparatın insanlarda effektivliyinin əlavə tədqiqatlarla təsdiqlənməli olduğu vurğulanıb.
NURİYYƏ