AZ

Avropada sifilis xəstəliyi yayılır

Avropada cinsi yolla keçən infeksiyalar kəskin artıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb.

Hesabata görə, 2015-2024-cü illər arasında Avropada qonoreya hallarının 303 faiz artdığı bildirilib. Eyni dövrdə sifilisə yoluxma halları isə iki dəfədən çox yüksəlib.

2024-cü ildə Avropada 106 min 331 qonoreya, 45 min 577 sifilis hadisəsi qeydə alınıb. Ən geniş yayılmış infeksiya isə Xlamidioz olaraq qalır. Hesabata əsasən, ötən il 213 mindən çox xlamidioz halı aşkarlanıb.

Mütəxəssislər artımın əsas səbəbləri kimi cinsi davranışların dəyişməsi, test imkanlarına çıxışın məhdud olması və profilaktik tədbirlərdəki boşluqları göstərirlər.

Həkimlər xəbərdarlıq edirlər ki, vaxtında müalicə olunmayan bu infeksiyalar sonsuzluq, xroniki ağrılar, ürək və sinir sistemi problemləri kimi ciddi fəsadlara səbəb ola bilər.

Xüsusi narahatlıq doğuran məqamlardan biri də anadangəlmə sifilis hallarının artmasıdır. Bu zaman infeksiya anadan körpəyə keçir. 2024-cü ildə belə hallar 14 ölkədə demək olar ki, iki dəfə artaraq 78-dən 140-a yüksəlib.

Hesabatda qeyd olunur ki, ən yüksək risk qrupunu kişilərlə cinsi əlaqədə olan kişilər təşkil edir. Bununla yanaşı, sifilisin heteroseksual insanlar arasında, xüsusilə reproduktiv yaşda olan qadınlar arasında da yayıldığı vurğulanır.

Seçilən
15
1
heftelik.az

2Mənbələr