AZ

Xaricdən gətirilən ətlər bahalaşıb: səbəb nədir?

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaricdən idxal olunan ət məhsullarının qiymətində müşahidə edilən artım bir sıra beynəlxalq və iqtisadi amillərlə əlaqələndirilir. Əsas səbəblərdən biri dünya bazarında ət məhsullarının qiymətlərinin yüksəlməsidir. Son dövrlərdə bir çox ölkədə yem məhsullarının, yanacağın və heyvandarlıq təsərrüfatlarında istifadə olunan digər resursların bahalaşması istehsal xərclərinə birbaşa təsir göstərib. Nəticədə istehsalçılar məhsulu daha yüksək qiymətə satışa çıxarmağa məcbur olurlar.

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, bununla yanaşı, beynəlxalq daşınma və logistika xərclərinin artması da idxal olunan ətin qiymətinə ciddi təsir edir. Xüsusilə yanacaq qiymətlərindəki dəyişikliklər yükdaşımaların maya dəyərini yüksəldir. Gömrük rüsumları, saxlanma və nəqliyyat xərcləri də son satış qiymətində öz əksini tapır.

“Valyuta məzənnəsində baş verən dəyişikliklər də qiymət artımını şərtləndirən əsas amillərdən biridir. Xarici valyutaların bahalaşması idxal prosesini daha xərc­li edir və bu da məhsulun daxili bazarda daha yüksək qiymətlə təklif olunmasına səbəb olur.

Eyni zamanda bəzi ölkələrdə ixrac məhdudiyyətlərinin tətbiqi, heyvandarlıq məhsullarında azalma və müəyyən məhsul qıtlığı da bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Qlobal iqtisadi proseslər, iqlim dəyişiklikləri və istehsal zəncirində yaranan çətinliklər də ət bazarında bahalaşmanı sürətləndirən amillər sırasında göstərilir.

Dünya bazarında sabitlik yaranmadığı müddətdə idxal olunan ət məhsullarının qiymətində ciddi ucuzlaşma gözlənilmir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr